FLÁNDRİYA (Niderland dilindә Vlaanderen, fr. Flandre) – Şimal-Qәrbi Avropada tarixi vil. Roma işğalınadәk kelt tayfaları tәrәfindәn mәskunlaşdırılmış, sonralar Romanın Belgika әyalәtinin bir hissәsi olmuşdur. 5 әsrin ortalarında mәrkәzi Kambre vә Turne olan krallıqlar yaratmış salik franklar tәrәfindәn işğal edilmişdir. 5 әsrin sonu – 8 әsrin ortalarında Merovinqlәr dövlәtinin tәrkibindә idi. 7 әsrdә ilk dәfә “F.” adı ilә qeyd edilmişdir. 8 әsrin ortalarından Karolinqlәr imperiyasının tәrkibindә olmuşdur. Verden (843) vә Mersen (870) müqavilәlәrinә görә, F.-nın әsas hissәsi Qәrbi Frank krallığının tәrkibinә daxil edilmişdir (ş.-dә yerlәşәn “İmperiya Flandriyası” 11 әsrdә birlәşdirilmişdir). 863 ildәn F. qraflığı (1180 ilәdәk Artua daxil olmaqla); 1067– 71 vә 1191–1280 illәrdә Genneqau ilә uniyada olmuşdur. 13–15 әsrlәrdә Qәrbi Avropanın әn inkişaf etmiş vә urbanizasiyaya mәruz qalmış vilayәtlәrindәn biri olan F.-da әsas sәnәtkarlıq sahәsi yüksәkkeyfiyyәtli parçaların (mәrkәzlәri – Gent, Brügge, İpr) ixrac üçün istehsalı idi. 14 әsrin әvvәllәrindә Fransa qoşunları tәrәfindәn işğal edilmiş vә kral mәmurlarının birbaşa idarәçiliyinә keçmişdir. Fransa ordusunun 1302 ildә Kurtre yaxınlığındakı vuruşmada (“Mahmız döyüşü”) mәğlubiyyәtindәn sonra yenidәn F. qraflarının hakimiyyәti altına düşmüşdür. F. şәhәrlәri vә qrafları arasında münaqişәlәr çoxsaylı üsyanlara [Flandriya üsyanı (1323–28) vә s.] sәbәb olmuşdur. 1384 ildәn Burqundiya hersoqlarının, 1477 ildәn Habsburqların (qәti olaraq 1482 ildәn) mülklәrinә qatılmışdır. Tarixi Niderlandın 17 әyalәtindәn birinә çevrilmişdir. Niderland inqilabı (16 әsr) zamanı Gent, İpr vә Brügge Utrext uniyasını imzalasalar da, İspaniya F. üzәrindә öz hakimiyyәtini bәrpa etmişdi. 17 әsrdә F.-nın c. rayonlarının bir hissәsi Fransanın; Zelandiya F.-sı Birlәşmiş әyalәtlәrin tәrkibinә qatılmışdı. Utrext sülhünә (1713) görә, F. Avstriya Habsburqlarının hakimiyyәti altına keçmişdir. Fransanın inqilabi
müharibәlәri gedişindә işğal edilmiş (1794), sonradan Fransa Resp.-na birlәşdirilmişdir (1797). Niderland krallığının (1815–30), 1830 ildәn Belçika krallığının tәrkibindә olmuşdur. 20 әsrdә iri sәnaye mәrkәzi (kimya vә neft emalı sәnayesi, poladtökmә müәssisәlәri); flamand milli hәrәkatının mәrkәzi idi. Hazırda Belçikanın Qәrbi Flandriya (inz. m. – Brügge) vә Şәrqi Flandriya (Gent) әyalәtlәrini tәşkil edir; tarixi F. әrazilәrinin bir hissәsi Fransanın Pa-de-Kale dep-tinin vә Niderlandın Zelandiya әyalәtinin tәrkibindәdir.