FLEQMÓNA (qәdim yun. φλενμονή – hәrarәt, iltihab) – piy toxumasının sәrhәdsiz yayılmış kәskin irinli iltihabı. Yerindәn asılı olaraq dәrialtı, fassiyaaltı, әzәlәarası, peritonarxası, böyrәkәtrafı (paranefrit), düzbağırsaqәtrafı (paraproktit), divararalığı toxuma F.-sı, pәncә, әl F.-sı vә s. ayırd edilir. Törәdicisi: әsasәn, stafilokokklar vә d. irintörәdәn mikroorqanizmlәr, bәzәn bağırsaq çöplәri vә anaeroblar; F. törәdicilәrinin xüsusiyyәtlәrinә müvafiq olaraq irinli, çürüdücü vә analrob (qazlı) növlәrә bölünür. F. törәdicilәri toxumaya zәdәlәnmiş dәridәn, yaxud yaxında yerlәşәn infeksiya ocağından (furunkul, dişlәrin kariyesi, irinlәmiş limfa düyünü vә s.) daxil olur; bәzәn infeksiya ocağından uzağa qan cәrәyanı ilә (hematogen yolla) aparılır. Ə l a m ә t l ә r i: ağrı, ödem; dәrialtı F.-da dәrinin hiperemiyası; yüksәk temp-r, titrәtmә vә s. Bәzәn iltihabi proses qonşu orqanlara keçәrәk, sepsis inkişaf edә bilәr. M ü a l i c ә s i: irinli ocağın yarılması vә drenajlama, antibiotiklәr vermәk. P r o f i l a k t i k a s ı: dәrinin gigiyenası, mikrotravmalar zamanı lazımi tibbi yardım göstәrilmәsi, piodermiyaların vә d. yerli infeksiya ocaqlarının vaxtında müalicәsi.