FLEMİNQ Viktor (23.2.1883, Kaliforniya ştatı, Pasadena - 6.1.1949, Arizona ştatı, Kottonvud) - amerikan kinorejissoru. Kinoya 1910 ildə operator assistenti kimi gəlmişdir. Rej. debütü “Buludlar topa-topa olanda” (1919) filmi ilə olmuşdur. Bir neçə il ərzində macəra filmləri, komediya və melodramlar (“Ağır yük”, 1925; “Kişi üçün tələ”, 1926; “Hula”, 1927 və s.) çəkmişdir. “Eybinin irland qızılgülü” (1928, ilk səsli filmi), “Virciniyadan olan adam”, “Qırmızı toz” (1932), “Ağdərili bacı” (1933), “Dəfinələr adası” (R.L.Stivensonun əsəri üzrə, 1934), “Cəsur kapitanlar” (R.Kiplinqin əsəri üzrə, 1937), “Sınaqçı təyyarəçi” (1938), “Öz ölkəsinin sehrbazı” (1939), “Doktor Cekil və mister Hayd” (Stivensonun əsəri üzrə, 1941), “Tortilya Flet” (S.Steynbekin əsəri üzrə, 1942), “Co adlı gənc” (1944) və s. filmlərin rej.-dur. Amerika kinosunun ən dəyərli əsərlərindən olan “Küləklə sovrulanlar” (1939) filminə görə “Oskar” mükafatına layiq görülmüşdür (1940). “Janna d’Ark” filmi onun son işi olmuşdur (1948).