FLÉMSTİD (Flamsteed) Con (19.8.1646, Derbişir qraflıqı, Denbi – 31.12.1719, Qrinviç) – ingilis astronomu. Kembric Un-tini bitirmişdir (1674, magistr). Qrinviç rәsәdxanasını yaratmış vә ilk direktoru olmuşdur. F.-in müşahidәlәri nәticәsindә çox böyük dәqiqliklә tәyin olunmuş 3 minә yaxın ulduzun düzülüş (Göy sferasında yerlәşmәsi) kataloqu (“Historia vә coelestis Britannica”, т.1–3, 1712–25) vә ulduz atlası (“Atlas coelestis”, 1729) meydana gәlmişdir. Ayın F. tәrәfindәn aparılan çoxsaylı müşahidәlәri İ.Nyutonun ümümdünya cazibә qanununun әsaslandırılmasında istifadә olunmuşdur. Atm. refraksiyası cәdvәllәri vә qabarma (dәniz suyu) cәdvәllәri yaratmış, kartoqrafiyada konus proyeksiyasını ixtira etmişdir.