FLETÇER (Fletcher) Con (dekabr, 1579, Susseks qraflığı, Ray - 29.8. 1625, London) - ingilis dramaturqu. Keşiş ailəsində doğulmuşdur. İlk pyesi - “Sədaqətli çoban qız” (1609) pastoralı müvəffəqiyyət qazanmamışdır. Dövrümüzədək saxlanılmış 50-dən artıq pyesinin çoxu F.Bomont, F.Messincer, B.Conson və ehtimal ki U.Şekspirlə müştərək yazılmışdır. Özü təqr. 15 pyesin (komediyalar: “Müsyö Toma”, 1609; “Pulsuz ağıl”, 1613-14; tragikomediyalar: “Divanə aşiq”, 1617; “İnadcıl leytenant”, 1619; “Bir aylıq arvad”, 1624 və s.) müəllifidir. F.-in yaradıcılığı əyləncəli-ibrətamiz səciyyə daşıyır; onun nəzərəçapran teatrallıq, dinamik macəralı süjetlər, gözlənilməz sonluq fərqləndirir.