FLÉVOLAND – Niderlandda әyalәt. Ölkәnin mәrkәzi hissәsindә, Eysselmer körfәzinin qurudulmuş sahilindәdir. Sah. 1,4 min km2. Əh. 407,8 min (2018). İnz. m. Lelistad ş.-dir.
Tәsәrrüfat. F. Niderlandın sürәtlә inkişaf edәn aqrar-sәnaye әyalәtidir. ÜRM-in hәcmi 12,9 mlrd. avrodur (alıcılıq qabiliyәti pariteti üzrә; milli ÜDM-in 1,8%-i, Avrostatın mәlumatlarına әsasәn, 2018), adambaşına 28,8 min avrodur. Mәşğulluğun strukturu: k.t. – 49,7%, ticarәt sektoru – 20,7%, biznes xidmәtlәri – 16,2%, sәnaye – 9,7%, maliyyә – 0,9% vә kommunal xidmәtlәri – 0,5% vә s. (2016). İşsizliyin sәviyyәsi 5,7% (Niderlandda әn yüksәk) tәşkil edir. İqtisadiyyatında kiçik müәssisәlәr, ailә şirkәtlәri mühüm yer tutur. Əsas sәnaye sahәlәri yüngül, yeyinti, kimya vә metallurgiyadır. Oduncaq vә taxta mәmulatlar, avtomobil, kompüter, elektron vә optik avadanlıq, dәri, ayaqqabı, kağız-karton, metal mәmulatlar, rezin vә plastik kütlә, toxuculuq mәmulatları vә әczaçılıq preparatları, balıq konservlәri istehsal olunur.
Ətlik-südlük heyvandarlıq inkişaf etmişdir. Dәnli bitkilәr (buğda, qarabaşaq), meyvә-tәrәvәz becәrilir. Balıq emalı sәnayesi müәssisәlәri var. Turizm әsas gәlir gәtirәn sahәlәrdәndir.