FLORBÓL (ing. floor – döşәmә vә ball – top) – hokkey ağacı vә topla zalda komanda idman oyunu, yaxud zalda hokkey. 1950-ci illәrin sonlarında ABŞ-da yaranmışdır (Minnesota ştatı, Leykvill). 1970-ci illәrdә İsveçdә xüsusi populyarlıq qazanmışdı. 1986 ildә Beynәlxalq F. Federasiyası tәsis edilmişdir (IFF; 1.1.2016 ilin mәlumatına әsasәn 43 milli federasiyas daxildir). 1996 ildәn kişilәr (әn çox İsveç yığma komandası qalib gәlmişdir – 8 dәfә), 1997 ildәn qadınlar arasında dünya çempionatı; 1994 ildәn kişilәr, 1995 ildәn qadınlar arasında Avropa çempionatı keçirilir. Oyun bortları olan vә hәr iki tәrәfindә qapılar (1,6 m × 1,15 m) qurulmış düzbucaqlı meydançada (40 ×20 m) keçirilir; matçın vaxtı hәrәsi 20 dәq.-lik 3 hissәdәn vә iki 10 dәq.-lik fasilәdәn (şaybalı hokkeydә olduğu kimi “tәmiz” vaxt, yәni oyun dayandırıldıqda saniyәölçәn işlәmir) ibarәtdir. Meydançada eyni vaxtda hәr komandadan 6 oyunçu (qapıçı daxil olmaqla) iştirak edir. Hokkey ağacının uzunluğu 105 sm, kütlәsi 350 q; topun diametri 72 mm, kütlәsi 23 q-dır.