FLORÉNSİYA RƏSSAMLIQ MƏKTƏBİ – İtaliyanın İntibah dövrü incәsәnәtindә әsas boyakarlıq mәktәblәrindәn biri. Protorenessans dövründә Piza-Lukka vә Bizans incәsәnәtinin tәsirilә monumental boyakarlıqda, taxta lövhә üzәrindә boyakarlıqda Siyena vә Roma mәktәblәri ilә sıx әlaqәdә formalaşmışdır (P.Kavallini vә b.). Florensiya baptisterisinin (tәqr. 1225– 1325) mozaikaları bu mәktәbin әn erkәn layihәsidir. Bir qrup anonim sәnәtkarla yanaşı, bilavasitә ilk Florensiya rәssamları Koppo di Markovaldo vә Çimabue olmuşlar. F.r.m.-nin әsas xüsusiyyәtlәri Cottonun әsәrlәrindә öz әksini tapmışdır. 14 әsrin ortalarından xәttilik vә müstәviliyә meyillәr güclәnmiş (Nardo di Çyone, qismәn A.Orkanya, Andrea da Firense), әsrin sonlarında isә beynәlmilәl qotika cәrәyanı üstün olmuşdur (Lorenso Monako, Q.Starnina, Centile da Fabrianonun Florensiyadakı işlәri). Humanistik dünyagörüşü Erkәn İntibah dövrü F.r.m. sәnәtinin ideya әsasını tәşkil etmişdir. Beynәlmilәl qotikadan Cottonun tәsbit etdiyi dәyәrlәrә dönüş F.Brunelleski vә Donatello ilә qarlışıqlı әlaqәdә işlәyәn Mazaççonun yaradıcılığında baş vermişdir. 15 әsr sәnәtkarlarının (Fra Anceliko, Fra Filippo Lippi, P.Uççello, A. del Kastanyo) yaradıcılığı Mazaççonun tәsiri altında inkişaf etmişdir. 15 әsr F.r.m.-nin boyakarlığı tәdqiqat vә eksperimental sәciyyәli olmuşdur: dövrünün heykәltәraşlıq sәnәtilә sıx qarşılıqlı әlaqәdә inkişaf etmiş, mәkanda insan fiqurunun anatomiya, fizioqnomika vә dinamikasını öyrәnmәyә, monumental boyakarlıq üzәrindә işi asanlaşdırmağa (Karton) imkan verәn yeni rәsm formaları (natura rәsm, perspektiv rәsm – çertyoju) işlәnib hazırlanmışdır. F.r.m. çәrçivәsindә poliptixdәn mehrab obrazına keçid baş vermiş, mondonun yeni formatı tәtbiq olunmuş, dәzgah boyakarlığı formaları (portret, tarixi vә mifoloji tablolar vә s.) inkişaf etmişdir (B.Qotsoli). Tәhkiyә vә dramatizm, antik motivlәrlә Niderland tәsirinin birlәşmәsi 15 әsrin son rübü Florensiya monumental boyakarlığı üçün sәciyyәvidir (D.Girlandayo, S.Bottiçelli, Filippino Lippi, Pyero di Kozimo). Leonardo da Vinçi vә Mikelancelonun yaradıcılığı F.r.m.-nin lokal hüdudlarını aşaraq, Yüksәk İntibah dövrü incәsәnәtinin zirvәsi olmuşdur; Fra Bartolommeo vә Andrea del Sarto da mәrhәlәni tәmsil etmişlәr. Tәqr. 1520 ildә F.r.m. manyerizmin ilk mәrkәzlәrindәn biri idi (Y.Pontormo, Rosso Fyorentino, C.Vazari vә b.).
Florensiya rәssamlıq mәktәbi. Mazaçço. “Statirlә möcüzә”. 1425–27. Santa-Mariya-del-Karmine kiçik kilsәsindә divar freskası.