FLORẾNSKİ Pavel Aleksandroviç (21.1.1882, Azәrb., Yevlax ş. – 8.12.1937) – rus dini filosofu, alim; pravoslav keşişi (1911 ildәn). Moskva Un-tinin fizika-riyaziyyat fakültәsini (1904) vә Moskva ruhani akademiyasını (1908) bitirmiş, hәmin akademiyanın prof.-u (1914 ildәn) olmuşdur. 1933 ildә hәbs olunmuş, düşәrgә cәzasına mәhkum edilәrәk Uzaq Şәrqә göndәrilmiş, 1934 ildә xüsusi tәyinatlı Solovets düşәrgәsinә köçürülmüş, bir müddәt sonra güllәlәnmişdir.
“Hәqiqәtin sütunu vә tәsdiqi” (1914) әsәrindә vәhdәt intuisiyasının formal-riyazi ifadәsindәn tam tәcәssüm olunmuş Hәqiqәt kimi kilsә hәyatının konkretliyinә keçir vә kitabını İlahi Müdriklik Sofiyası haqqıda mәktublarla bitirir. Sonralar F. “konkret metafizika” yaratmağa sәy göstәrmişdir. F.-yә görә, “konkret metafizika”nın әsas vәzifәsi reallığın müxtәlif sferalarının tәşәkkül tapdığı hansısa ilkin simvolların, fundamental ruhi-material strukturların üzә çıxarılması vә öyrәnilmәsidir. F. bu vәzifәnin hәyata keçirilmәsini mücәrrәd fәlsәfi sistemin yaradılmasında deyil, müxtәlif elmlәrә vә incәsәnәt növlәrinә aid konkret materialın vahid metodologiya üzrә tәdqiq edilmәsindә görürdü. F. özü bir sıra fәnlәrdә (dilçilik, mәkan incәsәnәti nәzәriyyәsi, riyaziyyat, tәcrübi vә nәzәri fizika) belә tәdqiqatlar aparmışdır. 1927–33 illәrdә Texnika ensiklopediyasının redaktoru olmuşdur (127 mәqalәnin müәllifidir). Hidrostatik vә elektrostatik prinsiplәr әsasında işlәyәn bir neçә cihaz quraşdırmışdır.