FLOTÁSİYA (fr. flottation, flotter – üzmәk; ing. flotation – suyun üzünә çıxmaq) – faydalı qazıntıların su ilә müxtәlif dәrәcәdә islanmasına әsaslanan zәnginlәşdirmә üsulu. F.-da flotasiya reagentlәrindәn (müxtәlif tәrkibli mineral hissәciklәrin sәth qatının fiziki-kimyәvi xassәsini dәyişdirmәyә imkan verir, köpük әmәlә gәlmә prosesini tәnzimlәyir) istifadә olunur. F. xüsusi flotasiya maşınlarında aparılır. Yağlı, köpüklü vә pәrdә F. növlәri mövcuddur. İlk dәfә y a ğ l ı F. (B.Hayns, B.Britaniya, 1860) tәklif edilmişdir. Onu hәyata keçirmәk üçün xırdalanmış filiz yağ vә su ilә qarışdırılır; bu zaman sulfidli minerallar yağda isladılır vә suyun üzünә qalxır, süxurlar (kvars, çöl şpatı) isә suda batır. Sonralar bu F. növü tәkmillәşdirildi: yağın emulsiya vәziyyәtinә qәdәr disperslәşdirilmәsi nazik şlamları (mәs. manqan filizlәri) yığmağa kömәk etdi. Hidrofil zәrrәciklәr suda batdığı halda, hidrofob zәrrәciklәrin su sәthindә qalma xassәsindәn p ә r d ә F.-sında (A.Nibelius, ABŞ, 1892; A.MakKuisten, B.Britaniya, 1904) istifadә edilmişdir. K ö p ü k l ü F. (S.Potter, ABŞ, 1902; F.Elmor, B.Britaniya, 1906) faydalı qazıntıların әsas zәnginlәşdirmә üsuludur. Bu üsulda faydalı qazıntıdakı minerallardan birinin hissәciklәri hava qabarcıqlarına yapışaraq köpük qatına (konsentrat) keçir, qalanları (tullantılar) isә suda asılqan vәziyyәtindә olur. F.-dan suyu üzvi maddәlәrdәn vә bәrk asılqanlardan tәmizlәmәk, qarışıqlara ayırmaq, kimya, neft emalı, yeyinti vә digәr sәnaye sahәlәrindә çökdürmә prosesini sürәtlәndirmәk üçün dә istifadә edilir. F. prosesinin tәkmillәşdirilmәsi yeni növ flotasiya reagentlәrinin sintezi, flotasiya maşınlarının konstruksiya edilmәsi, havanın digәr qazlarla (oksigen, azot) dәyişdirilmәsi vә s. istiqamәtlәrdә aparılır. Bax hәmçinin Faydalı qazıntıların zәnginlәşdirilmәsi.