FLÜOR (yun. phthoros – dağılma; lat. Fluorum), F. – kimyәvi element. Elementlәrin dövri sisteminin VII qrupundadır, halogenlәr sinfinә aiddir; a.n. 9, a.k. 18,998403. F.-ün tәbiәtdә bir stabil 19F. nuklidi mövcuddur.
F.-u 1771 ildә K.Şeele kәşf etmiş, sәrbәst halda isә 1886 ildә A.Muassan KF duzundan elektroliz yolu ilә almışdır.
F.-un yer qabığında kütlәcә miqdarı 0,065%-dir. Tәbiәtdә yalnız birlәşmә şәklindә rast gәlinir. Əsas mineralı sәnaye әhәmiyyәtli flüoritdir (CaF2). Ən böyük ehtiyatları ABŞ, Meksika, B. Britaniya, İtaliya, CAR, Tailand, Çin vә Monqolustandadır. Yeraltı suların çoxunun tәrkibindә F.-ün birlışmәlәri vardır. Canlı orqanizmlәrdә az miqdarda F. var (mәs., insan orqanizmindә 2,6 q F. olur vә onun 2,5 q-ı sümüklәrdәdir). Dişlәrin vә sümüklәrin әmәlәgәlmә prosesindә, maddәlәr mübadilәsindә vә bәzi fermentlәrin aktivlәşmәsindә iştirak edir.
F. kimyәvi cәhәtdәn әn aktiv qeyri-metaldır. F.-un xarici elektron tәbәqәsinin konfiqurasiyası 2s22p5; oksidlәşmә dәrәcәsi –1. Ən elektromәnfi elementdir. Polinqә görә elektromәnfiliyi 3,98, ion radiusu (mötәrizәdә koordinasiya әdәdlәri): 0,115, nm (2), 0,116 nm (3), 0,117 nm (4) vә 0,119 nm (6). Sәrbәst F.-ün molekulu 2 atomludur, halogenlәr sırasında anomal olan aşağı dissosiasiya enerjisinә malikdir (158 kC/mol).
F. xlor iyinә bәnzәr kәskin iyli, rәngsiz qazdır; tqayn. −188,20°C, tәr. −219,70°C; qaz halında sıxlığı 1,693 kq/m3 (0°C, 0,1 MPa), maye halında 1516 kq/m3 (–188°C). Bәrk halda, adi atm. tәzyiqindә F. iki kristallik modifikasiya әmәlә gәtirir: –227,60°C-dәn aşağı temp-rda monoklin qәfәsli α-forma (sıxlığı 1970 kq/m3 −250°C) vә – 227,60°C-dәn yuxarı temp-rda kub qәfәsli β-forma (sıxlığı 1700 kq/m3). F. bәzi flüoridlәrdә, karbon-xloridlәrdә vә karbon-flüoridlәrdә hәll olur. Maye F. maye oksigen vә ozon ilә bütün nisbәtlәrdә qarışır. Su ilә şiddәtli reaksiyaya girir. Oksigenli turşular әmәlә gәtirmir, hidrogen ilә şiddәtli reaksiyasından hidrogen-flüorid alınır. F. güclü oksidlәşdirici vә flüorlаşdırıcı reagentlәrdәn biridir. Flüoridlәrdә element– flüor әlaqәsinin enerjisinin yüksәk vә F2 molekulunun dissosiasiya enerjisi az olduğuna görә bәsit maddәlәrin, oksidlәrin, halogenlәrin vә s. flüorlаşmа reaksiyaları dönmәyәndir, böyük miqdarda istiliyin ayrılması ilә müşayәt olunur; son mәhsul kimi yüksәk oksidlәşmә dәrәcәsi olan elementlәrin flüoridlәri alınır. F. bütün kimyәvi elementlәrlә (He, Ne vә Ar istisna olmaqla) davamlı flüoridlәr әmәlә gәtirir. Bir çox reaksiyaları zәncirvarı xarakterlidir; otaq temp-runda vә daha aşağı temp-rlarda reaksiya öz-özünә başlayır, alışma, yaxud partlayışla, qaz axınında isә alovun yaranması ilә gedir. Belә reaksiyalara: H2 vә hidrogen tәrkibli birlәşmәlәrin (karbo-hidrogenlәr, H2O, NH3, N2H4, HCl, HBr, HCN vә s.), S vә onun birlәşmәlәrinin (SO2, SOCl2, S4N4, SBr2 vә s.), Si, P vә s. flüorlaşması aiddir. Qәlәvi metallar, bәzi halogenidlәr vә duzların hidratları otaq temp-runda F. ilә reaksiyaya girә bilәr. Eyni zamanda bәsit maddәlәrin vә qeyri-üzvi birlәşmәlәrin әksәriyyәti yalnız (temp-r vә ya tәzyiqi yüksәltmәklә) aktivlәşdikdә F. ilә reaksiyaya girir. Metal oksidlәri vә duzların çoxu metallara nisbәtәn F.-ün tәsirinә qismәn daha davamlıdırlar. F.-ün oksidlәrlә qarşılıqlı tәsiri zamanı aralıq mәrhәlәlәrdә flüor oksidlәri alına bilәr. Tәsirsiz qazlar, N2, O2, almaz, karbonlu şüşәlәrin bәzi növlәri, CO, CO2, göy yaqut vә alund F.-ün tәsirinә daha davamlıdır. Atomar F. otaq temp-runda vә kriogen şәraitdә Xe, Kr, CO, NOF, NO2, O2, ClF3 vә bir çox digәr maddәlәrlә reaksiyaya girir.
Sәnayedә sәrbәst F. flüorid konsentratların sulfat turşusu ilә parçalanmasından әmәlә gәlәn susuz hidrogen-floridin elektrolitik parçalanması mәhsulu kimi alınır.
Sәrbәst F. flüorlаşdırıcı reagent kimi halogen-flüoridlәr, UF6, SF4, SF6, BF3, azot, qrafit vә tәsirsiz qazların flüoridlәrinin, flüor-üzvi birlәşmәlәrin vә s. istehsalında istifadә olunur. Atomar F.-dәn HF vә DF әsasında kimyәvi lazerlәrdә, KrF2, oksigen-flüoridlәrin vә s. sintezindә istifadә olunur. F., xüsusilә flüorsirkә turşusu çox zәhәrlidir; burun vә gözün selikli qişalarını qıcıqlandırır, dermatitә, konyktivitә vә ağ ciyәrin ödeminә sәbәb olur.