FLÜOR KAUÇUKLARI – vinilidenflü- oridinin heksaflüorpropilen, triflüorxloretilen vә ya perflüormetilvinil efiri ilә emulsiya sopolimerlәşmәsindәn alınan elastomerlәr; ümumi formulu
[(– CH2–CF2–)n – (–CFR–CF2–)m]l,
burada, R – CF3, Cl, CF3O. Molekul kütlәsinә, tәrkibinә, monomer manqalarının nisbәtinә görә fәrqlәndirilir. Yüksәk temp-rlarda üzvi peroksidlәrin, bisfenolların vә ya diaminlәrin tәsirindәn tikilmiş fәza quruluşlu F.k. vә rezinlәr alınır. F–C rabitәsi yüksәk enerjiyә malik olduğuna görә F.k. әsasında alınan rezinlәr çox yüksәk termiki vә kimyәvi stabilliyi ilә sәciyyәlәnir. Rezinlәrin kimyәvi inertliyi onların ozonun, qatı turşuların vә digәr aqressiv mühitlәrin tәsirinә qarşı yüksәk davamlığını tәmin edir. Polimer tәrkibindә halogen atomları olduğuna görә yanmır. Karbohidrogen yağları vә yanacaqlarında rezinin şişmәyә qarşı son dәrәcә davamlı olması polyarlıq vә güclü molekullararası qarşılıqlı tәsirlә şәrtlәnir, lakin bu amillәr şüşәlәşmә temp-runun nisbәtәn yüksәk olmasına gәtirib çıxarır. F.k. әsasında rezinlәr xüsusi kompleks xassәlәrinә görә rezin-texniki mәmulatların istehsalında, kabellәrin izolyasiyasında, kimya avadanlıqlarının korroziyadan qorunmasında vә s.-dә geniş tәtbiq edilir.