FLÜORİDLƏR – flüorun digәr elementlәrlә kimyәvi birlәşmәlәri. He vә Ne-dan başqa bir sıra elementlәrin F.-i mәlumdur. Sadә vә binar F. (әsasәn, hidrogen-flüorid turşusunun duzları, metal vә qeyri-metalların kovalent F.-i, halogen-flüoridlәr), oksiflüoridlәr (mәs., POF3), metalların hidro-flüoridlәri, flüortәrkibli turşular (mәs., hidrogen-flüorid turşusu), kompleks flüoridlәr vә ya flüormetallatlar (mәs., Na2NiF4) ayırd edilir. F.-ә hәmçinin qrafitin flüoridlәri CFx (1 ≥ x > 0), C(MFn)x vә s., flüorid vә oksiflüoridli tunc, qarışıq halogenidlәr aiddir. Nadir-torpaq elementlәrin triflüoridlәri, CaF2 әn yüksәk temp-rda (tәr. 2530°C) әriyәn vә az uçucudur; OF2 vә NF3 (müvafiq olaraq tәr. −224 vә −145°C; −206,8 vә −129°C) әn aşağı әrimә vә qaynama temp-rları olan F.-dir.
Suda әn çox SbF3 (100 q suda 25°C-dә 492,4 q), BeF2, TlF, әn az PbClF, CaF2, LaF3 vә ThF4 (20°C-dә 0,17 mq/l) hәll olur.
Bir çox F. su ilә hidroliz olunur. Bütün F. pirohidrolizә uğrayır. Qeyri-metalların F.-dәn (KrF2, XeF6, halogen-flüoridlәr, OF2, O2F2, NF3, N2F4, NOF3) onların hidrogen-flüorid turşusunda mәhlulları әn güclü oksidlәşdiricilәrdir. Metalların F.-i arasında OsF7, ReF7, PtF6, PuF6, AuF5, CrF5, MnF4, CrF4, AuF3, NiF3 vә s. çox güclü oksidlәşdiricilәrdir.