FLÜORÓZ (lat. Fluorum – flüor + osis) – xroniki xәstәlik; orqanizmә flüorun uzun müddәt normadan artıq daxil olması nәticәsindә inkişaf edir. Tәrkibindә çoxlu miqdarda flüor olan suyun (1–1,2 mq/l-dәn çox), tәrkibindә flüor birlәşmәlәri olan qidanın qәbul edilmәsi sümük vә diş toxumasında hәll olmuş kalsium birlәşmәlәrinin hәll olmayan kalsium vә flüor birlәşmәlәri ilә әvәz olunmaqla hәmin toxumalarda flüorun artıq toplanmasına sәbәb olur. F. zamanı dişin emalında dәyişikliklәr әmәlә gәlir, inkişaf dәrәcәsindәn asılı olaraq (lәkәlәr, eroziyalar, destruksiyalar), sümük toxumasının strukturunda dәyişiklik (osteoskleroz) törәyir, bu da sümüklәrin deformasiyasına, bağ aparatında әhәng toplanmasına gәtirib çıxarır. Dişlәrin lәkәli forma F.-u zamanı onlar yerli ağardılır vә sonra remineralizasiya terapiyası aparılır. Eroziyalı vә destruksiya formalı zәdәlәnmәlәrdә zәdәlәnmiş nahiyә plomb materialı, yaxud ortopedik konstruksiya ilә bәrpa olunur.