FLÜS (alm. Fluβ, hәrfi mәnası – axın, axma) – 1) m e t a l l u r g i y a d a – posanın mayeaxıcılıq, saflaşdırıcılıq qabiliyyәti vә digәr xüsusi xassәlәrini tәmin etmәk üçün şixtәyә әlavә olunan, әsasәn mineral mәnşәli materiallar. Kimyәvi tәrkibinә görә әsas (әhәngdaşı, әhәng), turşu (silisium 4-oksid) vә neytral (alüminium-oksid, flüorit) F. növlәri var. 2) T ö k m ә i s t e h s a l ı n d a – metalların tәrkibindәn zәrәrli qatışıqların – kükürd vә fosforun kәnar edilmәsi mәqsәdilә maye posa әmәlә gәtirmәk üçün vaqrankaya vә ya digәr әritmә sobalarına tökülәn materiallar (әhәngdaşı, flüorit, dolomit, boraks, kriolit, şüşә qırıntısı, kvars qumu vә s.). 3) Q a y n a q d a – qaynaq zamanı tikişlәrin keyfiyyәtini yaxşılaşdırmaq üçün istifadә edilәn material. Metalların qaz vә dәmirçi qaynağında F. kimi oksidlәri özündә hәll edәn kimyәvi maddәlәr (boraks, borat turşusu, xlorid vә flüoridlәr) işlәdilir. Elektrik-posa qaynağında istifadә edilәn xırdalanmış, әsasәn, mürәkkәb tәrkibli dәnәvәr materialdan buraxılan elektrik cәrәyanının yaratdığı istilik qaynaqlanan detalların qızdırılması üçündür. 4) L e h i m l ә m ә d ә – toz, yaxud yaxma şәklindә maddәlәr (sink-xlorid, ammonium-xlorid, kanifol, boraks vә s.). F.-lәr lehimlәnәn detalların vә lehimin sәthini oksid vә çirklәrdәn tәmizlәyir, lehimlәmә prosesindә oksid әmәlә gәlmәsinin qarşısını alır vә s.