FLǗTBET (alm. Flutbett, Flut – axın +Bett – yataq, mәcra) – açıq su axını üçün süni әsas yaradan bәnd vә ya digәr basqılı hidrotexniki qurğuların әsas sualtı hissәlәrinin toplusu. F. suyun qurğuya göstәrdiyi basqını qәbul edir, mәcranı üst axının tәsiri nәticәsindә yuyulmaqdan qoruyur vә qurğunun әsasının süzülmәdәn (sızmalardan) deformasiyaya uğramasının qarşısını alır. F. ponur (çay dibinin qurğuya bitişik yerindә sukeçirmәyәn örtük), suaşıran (sutökәn), sudöyәn vә risbermdәn ibarәtdir. Ponur qurğuya birlәşәrәk sahәni sәth sularının yumasından mühafizә edir, digәr tәrәfdәn özünün sukeçirmәmәzliyi ilә yeraltı suların yolunu uzadır vә bunun nәticәsindә basqının tәsiri zәiflәyir. Sudöyәn yuxarı byefdәn aşağı byefә tökülәn suyun zәrbәlәrini qәbul etmәk vә sızma tәzyiqini söndürmәk üçündür. Sudöyәnin qalınlığı sızma tәzyiqinin qiymәtindәn asılıdır.
Suaşıran bәndin flütbeti: 1 – ponur; 2 – suaşıran astana; 3 – sudöyәn; 4 – risberm; 5 – axın enerjisini söndürәn sahә; 6 – çayın tәbii mәcrası.