FOK Vladimir Aleksandroviç [10 (22).12.1898, S.-Peterburq – 27.12.1974, Leninqrad] – rus nәzәriyyәci-fiziki. SSRİ EA akad. (1939), Sosialist Əmәyi Qәhrәmanı (1968), Lenin mükafatı laureatı (1960), SSRİ Dövlәt mükafatı laureatı (1946). Petroqrad Un-tini bitirdikdәn sonra (1922) orada işlәmişdir. Eyni vaxtda Leninqrad Fizika Texnika İn-tunda (1926–36), Dövlәt Optika İn-tunda (1928–41), SSRİ EA Fizika İn-tunda (1934–41, 1944–53) vә SSRİ EA Fizika Problemlәri İn-tunda (1954 ildәn) çalışmışdır. Tәdqiqatları cazibә nәzәriyyәsinә, sahәnin kvant nәzәriyyәsinә, çoxelektronlu sistemlәr nәzәriyyәsinә, statistik fizikaya, mexanikaya, optikaya vә s.-yә aiddir. F. kvant mexanikasının dalğa tәnliyini maqnit sahәsi üçün ümumilәşdirmiş, onun qradiyent invariantlığını isbat etmiş vә relyativist skalyar tәnlik (Kleyn–Qordon–Fok tәnliyini) almışdır. Çoxelektronlu sistemlәri tәsvir etmәk vә hesablamaq üçün tәqribi üsul (Xartri–Fok üsulu) işlәyib hazırlamış, kvant elektrodinamikası, riyaziyyat, riyazi fizika, radiodalğaların yayılması, nisbilik nәzәriyyәsi sahәsindә mühüm nәticәlәr әldә etmişdir. Lenin ordeni ilә (1945, 1953, 1958, 1968) tәltif edilmişdir. Nәzәri vә riyazi fizika sahәsindә mühüm işlәrә görә REA F. adına mükafat tәsis etmişdir.