FOKÉYA (Φώκαια) – Kiçik Asiyada qәdim yunan İoniya koloniyası (hazırda yerindә Türkiyәnin Foça ş. yerlәşir). Əsası e.ә. 9–8 әsrlәrdә Fokidadan, yaxud Attikadan gәlmәlәr tәrәfindәn qoyulmuşdur. Torpaqlarının qeyri-münbit olmasına baxmayaraq, әlverişli coğrafi mövqedә yerlәşmәsi burada ticarәtin, balıqçılığın vә dәnizçiliyin inkişafına şәrait yaratmışdı. E.ә. 6 әsrin birinci yarısında F. donanması Qәrbi Aralıq dәnizindә hökmranlıq etsә dә, sonralar fokeyalılar etrusklar vә karfagenlilәr tәrәfindәn Korsika vә İspaniyadan sıxışdırılıb çıxarılmışdılar. Fokeyalıların Qәrbә nüfuzunun dayaq mәntәqәsi Massaliya (indiki Marsel) idi. E.ә. 7 әsrin ikinci yarısından F.-da elektrdәn (qızılla gümüşün qarışığı) zәrb edilmiş, üzәrindә suiti (yun. φώκη) tәsviri olan sikkәlәr Kiçik Asiya vә Egey dәnizinin bir sıra şәhәrindә dövriyyәdә olmuşdur. Tәqr. e.ә. 540 ildә Əhәmәnilәrin F.-ya hücumu zamanı işğalçılara tabe olmaq istәmәyәn sakinlәrin çoxu qәrbә mühacirәt etmişdi. Sonralar onların bir hissәsi geri qayıtsa da, F. әvvәlki әhәmiyyәtini itirmişdi.