FOLKLÉND ADALARI (ing. Falkland İslands), M a l v i n A d a l a r ı (isp. İslas Malvinas) – Cәnubi Atlantikada B. Britaniyaya mәxsus dәnizaşırı әrazi. Argentina da bu әraziyә iddialıdır. Cәnubi Amerika materikinin c. qurtaracağından tәqr. 460 km ş.-dә yerlәşir. Sah. 12,2 min km2. Əh. 2,8 min (2012; demәk olar ki, hamısı Şәrqi Folklend a.-ndadır). İnz.m. Port-Stenlidir (Stenli; Şәrqi Folklend a.-nda; 2,1 min). Rәsmi dil ingilis dilidir; ispan dili dә yayılmışdır. Pul vahidi Folklend Adaları funtudur.
Folklend adaları. Port-Stenli şәhәrindәn görünüş.
Arxipelaq iki iri adadan – Şәrqi Folklend (Soledad) vә Qәrbi Folklend (Qran-Malvina) vә tәqr. 200 kiçik adadan ibarәtdir. Adalar, әsasәn, metamorfik vә çökmә süxurlardan tәşkil olunmuşdur. Sahil xәtti kәskin parçalanmışdır. Hünd. 705 m-әdәkdir (Şәrqi Folklend a.-nda Adam d.). İqlimi okean tipli, sәrindir. Orta temp-r yanvarda 9°C, iyulda 2°C-dir. İllik yağıntı 600–700 mm. Tez-tez duman vә güclü külәklәr olur. İri çayları yoxdur, çoxlu kiçik çaylar var. Bitki örtüyü okean tipli taxılotulu çәmәnlәrdәn, erika mәndәcәrliklәrindәn ibarәtdir. Çox sayda dәniz quşları, o cümlәdәn albatos vә pinqvinlәr yuvalayır. Çoxsaylı cücülәr; bir neçә rezervat var.
1600 ildә holland S. de Vert tәrәfindәn kәşf edilmişdir. 1764 ildә L.A. de Bugenvil adalarda fransız koloniyasının әsasını qoysa da, onlar tezliklә İspaniyanın hakimiyyәtinә keçmişdi. 1820 ildә Argentina әrazisi elan olunmuşdur. 1833 ildә B.Britaniya tәrәfindәn işğal edilmişdir. F.A.-nın statusu B.Britaniya ilә Argentina arasında mübahisә obyektidir; 1982 il aprelin 2-dә Argentina qoşunlarının F.A.-na çıxarılması 10 hәftә davam etmiş vә argentinalıların mәğlubiyyәti ilә nәticәlәnmiş Folklend müharibәsinә sәbәb olmuşdur. Faktiki olaraq B.Britaniyanın nәzarәti altındadır; 2013 ildә keçirilmiş referendumun nәticәlәrinә әsasәn, dәnizaşırı әrazi statusu tәsdiq edilmişdir.
Folklend adaları. Sonders adasında pinqvin koloniyası.
F.A.-nda, әsasәn, şotlandların, ingilislәrin, Çili vә Norveçdәn gәlmәlәrin nәsillәri yaşayır, әhalinin bir hissәsini B.Britaniyadan (25%), Müq. Yelena a.-ndan (10%), Çilidәn (6%), Fransadan vә Almaniyadan olan mühacirlәr tәşkil edir. Dindarların әksәriyyәti xristiandır.
ÜDM-in hәcmi (alıcılıq qabiliyyәti pariteti üzrә, 2015) 206,4 mln. dollar, adambaşına düşәn hәcmi tәqr. 70,8 min dollar, iqtisadi fәal әhali 1850 nәfәr (2016) tәşkil edir. İşsizliyin sәviyyәsi 1%-dir (2016).
İqtisadiyyatın әsasını qoyunçuluq vә balıqçılıq (dәniz mәhsullarının, әsasәn, kalmar hasilatı da daxil olmaqla) tәşkil edir. Adalarının sahәsinin tәqr. 80%-ini otlaqlar tutur. Tәqr. 500 min baş qoyun saxlanılır (tәqr. 60%-i Şәrqi Folklend a.-nda). Balıq emalı vә dәniz mәhsulları emalı var. Neft mәhsulları istehlakı 15 min t-dur (2013; bütünlüklә idxal edilir). Elektrik enerjisi istehsalı 12 mln. kVt·saat (2012; tәqr. 90%-i dizel ilә işlәyәn elektrik stansiyalarında) tәşkil edir. Avtomobil yollarının ümumi uz. 440 km-dir (2008; tәqr. 50 km-i bәrkörtüklüdür). Dәniz portları: Port-Stenli vә Foks-Bey (Foks-Bey-Uest ilә; Qәrbi Folkland a.-nda). Port-Stenli aeroportu daxili uçuşları, hәmçinin Antarktikadakı Britaniya hәrbi bazaları ilә әlaqәni hәyata keçirir. Şәrqi Folkland a.-nda B.Britaniyanın HHQ-nin (“Maunt-Plezant”, 1985; bey- nәlxalq mülki aviareyslәri hәyata keçirir) vә HDQ-nin (“Mer-Harbor”) bazaları (hәr ikisi Cәnubi Atlantika adalarında Britaniya silahlı qüvvәlәrinin komandanlığı altındadır) yerlәşir.
İxrac mәhsulları 207 mln. dollar (2017), idxal – 113 mln. dollar tәşkil edir. Əsas ixrac mәhsulları: yun vә dәri, әt, balıq vә kalmarlar; idxal: neft mәhsulları, maşın vә avadanlıqlar, nәql. vasitәlәri, tikinti materialları, qida mәhsulları, içkilәr, geyim vә ayaqqabı. Əsas xarici ticarәt tәrәfdaşları İspaniya, B.Britaniya, ABŞ-dır.