FOLKLÓR (ing. folklore – xalq müdrikliyi) – geniş mәnada xalq әnәnәlәrinin, mәrasim vә adәtlәrinin, baxış vә inanclarının, hәmçinin xalq bәdii yaradıcılığı әsәrlәrinin mәcmusu; dar mәnada xalq yaradıcılığının şifahi, şifahi-musiqili, musiqili-xoreoqrafik vә dram әsәrlәri. Termini ilk dәfә 1846 ildә ingilis arxeoloqu U.C.Tomas işlәtmişdir; 1880–90-cı illәrdә geniş yayılmışdır. Əvvәllәr hәm tәdqiqat obyektini, hәm dә elmin özünü bildirirdi; sonralar elmi ifadә etmәk üçün bir çox ölkәdә folklorşünaslıq terminindәn istifadә olunmağa başladı. Xalqın mәnәvi (bәzәn hәm dә maddi) mәdәniyyәtinin bütün sahәlәrini ehtiva edәn bu anlayışın mәnasını şifahi xalq yaradıcılığı vә xalq musiqisi ilә mәhdudlaşdırmaq cәhdi 20 әsrin әvvәllәrindә meydana çıxmışdır.