FOLKSŞTURM (Volkssturm) – 1944–45 illәrdә Almaniyada könüllü xalq qoşunu. 1944 il oktyabrın 18-dә A. Hitlerin әmri ilә antihitler koalisiyasına daxil olan müttәfiq ordularının Almaniya sәrhәdlәrinә yaxınlaşması şәraitindә vә total müharibә haqqında 1944 il sentyabrın 25-dә qәbul edilmiş dekretin davamı kimi yaradılmışdır. F.-a 16 yaşdan 60 yaşadәk bütün Almaniya vәtәndaşları (yәhudi vә qaraçı әsillilәr, hәbsdә olanlar, fransız, polyak, yaxud sloven azlıqlarının nümayәndәlәri, silahlı qüvvәlәrdә, yaxud İmperiya әmәk xidmәtindә qulluq edәnlәr istisna olmaqla) çağırılırdı. 1945 ilin әvvәlindә tәrkibindә tәqr. 6 mln. nәfәrin olduğu F.-da hәrbi xidmәtә yararlılıqdan asılı olaraq 4 dәrәcәyә bölünmüş tәqr. 700 batalyon komplektlәşdirilmişdi; F.-a Nasional-Sosialist Alman Fәhlә Partiyası dәftәrxanasının rәisi M. Borman rәhbәrlik edirdi. Əvvәllәr F. hissәlәrindәn, әsasәn, sәngәrlәrin qazılmasında vә yaşayış mәntәqәlәrinin mühafizәsindә, hava vә dәniz desantları ilә mübarizәdә, kәşfiyyat vә tәxribat qruplarının mәhv edilmәsindә, körpülәrin vә strateji obyektlәrin qorunmasında istifadә olunurdu. F. dәstәlәri Şәrq cәbhәsindә Qırmızı orduya qarşı daha fәal müqavimәt göstәrirdilәr. İtkilәr haqqında dәqiq mәlumat yoxdur, bәzi mәlumatlara görә, itkilәr tәqr. 175 min nәfәr tәşkil edir.