FOMÁ AKVİNALI, F o m a A k v i n a t (Thomas Aquinas) (tәqr. 1225, İtaliya, Akuino yaxınlığında Rokkasekka – 7.3.1274, Fossanova) – katolik ilahiyyatçısı vә filosofu, dominikçi-rahib (1244 ildәn). Monte-Kassino monastır mәktәbindә, Neapol Un-tindә (1239–44), sonralar Paris (1245–48) vә Köln (1248–52) un-tlәrindә Böyük Albertin yanında tәhsil almışdır. Romada vә Parisdә dәrs demişdir. 1323 ildә övliyalar cәrgәsinә daxil edilmişdir. 1567 ildә beşinci “kilsә atası” elan olunmuşdur. Əsas әsәrlәri: “Teologiya mәcmusu” (“Summa theologiae”, yaxud “Summa theologica”), “Bütpәrәstlәr әleyhinә mәcmu” [(“Summa contra gentiles”), bәzәn “Fәlsәfә mәcmusu” (“Summa philosophiae”) da adlandırılır], “Sentensiyalar”ın şәrhi” (Pyotr Lombardiyalının sentensiyaları), “Hәqiqәt haqqında”, “Averroistlәrә qarşı şüurun vәhdәti haqqında”, “Dünyanın әbәdiliyi haqqında”, müxtәlif “Suallar” (“Allahın qüdrәti haqqında”, “Şәr haqqında” vә s.), Aristotel, Dionisi Areopagit, Boetsi vә b.-nın әsәrlәrinә şәrhlәr.
F.A.-nın yaradıcılığı orta әsrlәr Avropa sxolastik düşüncәsinin yüksәliş dövrünü tәmsil edir. Bütöv vә әhatәli ilahiyyat sistemini yaratmağa çalışan F.A. hәmin dövrdә Qәrb dünyasına mәlum olan bütün fәlsәfi, elmi mәnbәlәrdәn vә ideyalardan öz işindә fәal istifadә etmişdir. Aristotelin vә peripatetik mәktәbin irsinә xüsusi maraq göstәrәn F.A. terminologiyanı, metodologiyanı, naturfәlsәfәnin, psixologiyanın, etikanın vә s. bir çox elementini Aristotel fәlsәfәsindәn әxz etmiş, onun mәzmununu әsaslı şәkildә dәyişәrәk xristian dini tәliminin müddәalarına uyğunlaşdırmışdır.
İnam vә şüur. Teologiya vә fәlsәfәnin münasibәtlәrinә toxunan F.A. ilk növbәdә şüur vә fövqәlşüur hәqiqәtlәrini fәrqlәndirir. Şüur hәqiqәtlәrini insan öz gücü ilә dәrk edә bilir, fövqәlşüur hәqiqәtlәri isә fitri insan idrakının hüdudlarından kәnara çıxır vә yalnız fövqәltәbii vәhyin yardımı ilә dәrk olunur, yәni ona inanmaq lazım gәlir. Bu iki hәqiqәt tipi qeyri-kamil insan şüurunun onlara olan münasibәtinә uyğun fәrqlәndirilir. Ölçüyәgәlmәz dәrәcәdә güclü zәkaya malik Allah üçün bu cür bölgü yoxdur: onun üçün bütün hәqiqәtlәr “әqli”dir. Belәliklә, şüur vә fövqәlşüur hәqiqәtlәri öz-özlüyündә bir-birinә zidd ola bilmәz, ona görә şüurla inam arasında harmoniya mövcuddur.
Naturfәlsәfә vә metafizika. F.A. bütün mövcudatın ümumi sәciyyәlәndirilmәsindә Yaradanı (Allah) vә onun ruhi (mәlәklәr, demonlar vә insan canları), hәmçinin maddi (qalan bütün şeylәr) yaratdıqlarını fәrqlәndirir. Yaradılmış maddi kainat da öz növbәsindә ayaltı alәmә (daimi, substansial dәyişikliklәr, yәni yaranma vә dağılma sahәsi) vә ayüstü alәmә (yerdәyişmә hәrәkәtindәn başqa, hәr şeydә dәyişmәz olan) bölünür. Maddi (“fiziki”), hissi qavranılan şeylәr forma vә materiyadan ibarәtdir. For- ma şeydә ümumi olanı (“şeyi öz cinsinә vә növünә görә olduğu şәklә salan “ümumi tәbiәt”i) tәmsil edir, materiya isә fәrdi xarakteristikaya cavabdehdir (müvafiq olaraq, mәhz fәrdi, yәni müәyyәn, kәmiyyәtcә mәhdud materiya şeyi “bax bu” ilә işarә edilәn yeganә bir şeyә çevirir). Formalar yalnız materiyada mövcud olan maddi vә subsistent (“özlüyündә mövcud olan”) tiplәrә bölünür. Sonuncuya materiyadan kәnarda da mövcud ola bilәn insan canları (materiya onlara yalnız “insan” növünün sәciyyәvi hәrәkәtlәrini hәyata keçirmәk üçün lazımdır) vә materiyadan bütövlükdә ayrı olan substansiyalar (mәlәklәr, demonlar, Allah) aiddir
F.A.-nın yaradılmış şeylәrdә materiya vә forma münasibәtlәrinә dair ideyaları universalilәr haqqında mübahisәdә onun mötәdil-realist mövqeyini müәyyәnlәşdirmişdir: ümumi olan öz-özlüyündә yalnız İlahi zәkada vә insan ağlında [Allahda örnәklәr qismindә (Allah şeylәri onlara uyğun yaradır), insanda isә ümumi anlayışlar qismindә] mövcuddur; obyektiv reallıqda ümumi olan yalnız ayrı-ayrı fәrdlәrdә onların substansial formalarıdır.
Allahın mövcudluğunun sübutunun mümkünlüyünü nәzәrdәn keçirәn F.A.Anselm Kenterberilinin aprior “ontoloji sübut”unu rәdd edirdi: Allahın mövcudluğunu yalnız aposterior, yәni yaradılmış dünyadan başlayıb onun sәbәbinә doğru getmәklә sübut etmәk mümkündür. F.A. beş belә sübut formulә etmişdir. Birincisi hәrәkәtdәn doğan sübutdur: dünyada hәrәkәtin, yәni müxtәlif dәyişikliklәrin olması ilk hәrәkәtverici sәbәbin mövcudluğuna işarәdir. İkinci sübut zirvәsindә heç nә ilә şәrtlәnmәyәn ilk fәal sәbәbin durduğu fәal (törәdici) sәbәblәr iyerarxiyası haqqında tәsәvvürә әsaslanır. Üçüncü sübut hәm mövcud ola, hәm dә olmaya bilәn qeyri-zәruri (kontingent) şeylәrin varlığından doğur, bir halda ki, onların mövcudluğu mütlәq zәruri varlıqla şәrtlәnir. Dördüncü sübut kamilliklәrin iyerarxiyasını nәzәrdәn keçirmәkdәn başlayır vә әn kamil varlığın mövcudluğu haqqında nәticәyә gәtirib çıxarır ki, bütün digәr varlıqlar özlәrinin müxtәlif kamilliklәrini hәmin әn kamilә aid olmaları ilә әldә edirlәr. Beşinci sübut kainatdakı mәqsәdәuyğunluqdan vә harmoniyadan doğur vә bu harmoniyanı yaradan, onu qoruyub saxlayan müdrik vә xeyirxah Yaradıcının mövcudluğu haqqında nәticәyә gәlmәyә sәbәb olur. Bu sübutların xarakteri onu göstәrir ki, F.A.-ya görә, Allah bütün mövcudatın ilk sәbәbi, hәmçinin qeyd-şәrtsiz zәruri olan vә әn kamil olandır. Bu cür olmaqla o, xalis aktuallıq, mütlәq bәsit vә materiyasız varlıq olmalıdır. Belәliklә, mahiyyәt vә mövcudluq Allahda eyniyyәt tәşkil edir; bununla yanaşı, bütün ilahi atributlar (xoşniyyәtlilik, sonsuzluq, әbәdilik vә s.) da eynidir vә bir-birindәn ona görә fәrqlәnir ki, qeyri-kamil insan şüuru onları yalnız ayrı-ayrılıqda qavraya bilir.
Allah tamamilә materiyadan münәzzәh olan kamil varlıq kimi şüurdan xali ola bilmәz, çünki F.A. üçün tәfәkkür bilavasitә qeyri-maddiliklә bağlıdır. Allahın şüurluluğundan belә nәticәyә gәlinir ki, o, iradәyә malikdir, çünki intellektual idraka malik olan istәnilәn varlıq nәyisә öz xeyri kimi dәrk edir, ona doğru şüurlu şәkildә can atır vә F.A. bunu iradә adlandırır. Allahın idrak vә iradәsinin әsas obyekti Allahın özüdür, çünki o, әn ali xeyirdir. Belәliklә, dünyanın yaradılışı Allahın zәruri yox, azad iradi hәrәkәtidir vә bunu öz xeyrini şüurlu yaratdığı ilә bölüşmәk üçün etmişdir. Dünyada şәrin mövcudluğu bu nәticәni tәkzib etmir, çünki mәnәvi şәr üçün mәsuliyyәti Allah yox, öz iradәlәri ilә hәrәkәt edәn insanlar daşıyırlar, fiziki şәr (xәstәliklәr, tәbii fәlakәtlәr vә s.) isә son nәticәdә kainatın ümumi xeyrinә xidmәt edir.
İdrak nәzәriyyәsi. F.A.-ya görә, hәr hansı dәrketmә idrak dәrk edәnin dәrk olunan obyektә müәyyәn dәrәcәdә oxşadılmasıdır. Bu oxşadılma obyektin özü deyil, onun dәrketmә vasitәsi olan idrak formaları, yaxud növlәrinin (species) vasitәsilә baş verir. İnsanın dәrketmә qabiliyyәtlәri hissi vә intellektual növlәrә ayrıldığı kimi, dәrketmә formaları da hissi qavranılana vә әqli qavranılana bölünür. Bununla yanaşı, istәnilәn fitri idrak hissi idrakdan başlayır: ağılda әvvәlcәdәn hisslәrlә qavranılmayan heç nә yoxdur. Müvafiq olaraq, F.A. insanda fitri ideyaların mövcudluğunu vә istәnilәn intellektual idrak aktında iştirak edәn Allahın xüsusi fәaliyyәti kimi ilahi “illüminasiya” konsepsiyasını inkar edir.
Can haqqında tәlim. Aristotelin ardınca F.A. da canı canlı varlığın müxtәlif hәrәkәtlәrinә cavabdeh olan hәyat prinsipi kimi nәzәrdәn keçirir. Müxtәlif növ canlı varlıqlara xas olan bir neçә can tipi (nәbati, heyvani, şüurlu) var. Bu canlar bәdәnlәrin formasıdır; müvafiq olaraq, insanın şüurlu canı da ayrıca substansiya olmayıb, bәdәnin substansial formasıdır (insanın şüurlu canı özündә yuxarıdakı bütün can tiplәrinin funksiyalarını daşıyır). Bu yerә qәdәr F.A.-nın tәlimi ümumәn Aristotel tәliminә uyğun gәlir, lakin şüurlu canın mәnşәyi vә bәdәnin ölümündәn sonra onun mövcudluğunun davametmә imkanları ilә bağlı mәsәlәlәrdә o, Aristoteldәn radikal şәkildә fәrqlәnir. Şüurlu can bilavasitә Allah tәrәfindәn yaradılır vә mәhz buna görә o, sub-sistent formadır; o, forma vә materiyadan ibarәt olan digәr canlı varlıqların canı kimi tәbii mәnşәyә malik olsaydı, bu cür ola bilmәzdi. İnsan canının subsistent forma olmasının vә prinsip etibarilә bәdәnsiz mövcud ola bilmәsinin sübutu onun qeyri-maddi aktivlik olan vә bәdәn orqanlarına ehtiyacı olmayan tәfәkkür qabiliyyәtidir.
Etika. F.A-ya görә, insanların bütün şüurlu hәrәkәtlәri rifaha yetişmәyә yönәlmişdir. İnsan iradәsi rifaha doğru can atır, lakin bu vә ya digәr rifahın, hәmçinin ona yetişmә yollarının seçimi azaddır vә iradә azadlığı mәhz belә seçim imkanında vә onun reallaşmasındadır. İdrakın vә iradәnin qarşılıqlı münasibәtlәri dialektik sәciyyә daşıyır: iradә “öz hәrәkәtlәrinin hökmdarı” olsa da, müәyyәn aspektdә şüurdan asılıdır (buna görә dә әqli qabiliyyәtdir), çünki o, müәyyәn obyektә yalnız şüur onu rifah obyekti vә buna görә hәm dә arzuolunan obyekt kimi dәrk etdikdәn sonra müraciәt edir. İnsanların onlar üçün nәyin ali rifah olması haqqında tәsәvvürlәri müxtәlif olsa da, insan üçün hәqiqi ali rifah vә xoşbәxtlik Allahı dәrk etmәkdir.
F.A. üçün әsas müsbәt keyfiyyәtlәr insanın Allahın lütfü ilә әldә etdiyi teoloji müsbәt cәhәtlәrdir (inam, ümid vә sevgi). Əksinә, hәlә Arsitotel dövründәn mәlum olan vә insanın müstәqil şәkildә özünә aşılaya bildiyi mәnәvi, yaxud “fәlsәfi” keyfiyyәtlәr (әdalәt, mötәdillik, dözümlülük vә s.) ikinci plana keçir.
F.A.-nın yaratdığı orijinal dini-fәlsәfi sintez katolik sxolastikasının sonrakı inkişafına böyük tәsir göstәrdi (bax Tomizm). Papa XIII Levin ensiklikasında (1879) F.A.-nın әn nüfuzlu katolik ilahiyyatçısı ki- mi qәbul edilmәsi neotomizmin formalaşmasına sәbәb oldu.