FOMVİHÁN Keyson (13.12.1920, Savannakhet әyalәti, Na-Senq – 21.11.1992, Vyentyan ş.) – Laos dövlәt vә siyasi xadimi. Hanoyda lisey vә un-tdә tәhsil almışdır. 1942 ildә yapon işğalçılarına vә fransız müstәmlәkәçilәrinә qarşı mübarizәyә qoşulmuşdur. Hәmin ildә Hind-Çin Kommunist partiyasının üzvü olmuşdur. 1950 ildәn Laos Müqavimәt hökumәtinin müdafiә naziri, 1955 ildәn Laos Xalq İnqilab Partiyası MK-nın baş katibi vә silahlı qüvvәlәrin baş komandanı, 1959 ildәn Laos Vәtәnpәrvәr Cәbhәsi MK-nın sәdr müavini, 1975 ilin dekabrından Laos Xalq Demokratik Resp.- nın (LXDR) baş naziri, 1982 ildәn LXDR-in Nazirlәr Sovetinin sәdri idi. Daxili siyasәtdә sosialist islahatlar kursunu hәyata keçirmiş, xarici siyasәtdә bitәrәflik mövqeyindәn çıxış etmişdir. 1991 ildә ölkә prezidenti seçilmişdir.