FOND BİRJASI – qiymәtli kağızlar vә törәmә alәtlәrin alqı-satqısı üçün tәşkil olunmuş mәkan.
Hüquqi statusuna görә F.b. qeyri-kommersiya tәşkilatı (ABŞ), açıq (B.Britaniya, Yaponiya, Rusiya), ya da qapalı sәhmdar cәmiyyәti, dövlәt, yaxud, kvazidövlәt (Almaniya, Fransa) tәşkilatı formasında ola bilәr. Dünyada tәqr. 250 F.b. vardır (2016), onlardan 16-sında alınan-satılan qiymәtli kağızların kapitallaşma hәcmi 1 trln. dolları (“Trilyonçular klubu”) keçmişdir. 1986 ildә 16 aparıcı F.b.-nın illik dövriyyәsi 2,9 trln. dollar, 1996 ildә 8 trln. dollar, 2006 ildә 38 trln. dollar, 2015 ildә isә 111 trln. dollar tәşkil etmişdir. Beynәlxalq birjalar federasiyasına (World Federation of Exchanges) daxil olan 63 birjada ümumi kapitallaşma hәcmi 64 trln. dollar tәşkil edәn tәqr. 45 min sәhmdar cәmiyyәtinin qiymәtli kağızları burada tadavül edilir (2016). Ən iri birjalar: Nyu-York (NYSE) – 19,2 trln. dollar, NASDAQ – 6,8 trln., London Birjası Qrupu (LSE Group) – 6,2 trln. (sövdәlәşmәlәrin hәcminә görә dünya lideri), Tokio Birjası Qrupu, Şanxay vә Şençjen (ÇXR), Honkonq birjası, Euronext, TMX Group (Kanada) vә Alman birjası (Frankfurt). F.b.-larının çoxunda fond indeksi hesablanır.
F.b.-nda sövdәlәşmәlәrin iştirakçıları fiziki (ABŞ, B.Britaniya) vә ya hüquqi şәxslәr (Kanada, Rusiya, Yaponiya), yaxud hәr ikisi (AFR, İtaliya) ola bilәr.
2000 ildә Azәrb.-da “Bakı Fond Birjası” QSC tәsis edilmişdir. Onun yerli banklar, brokerlәr vәİstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 sәhmdarı (“Kapital Bank” ASC, “Borsa İstanbul A.Ş”, “Unicapital İnvestisiya Şirkәti” ASC, “İnvest-AZ İnvestisiya Şirkәti” QSC, “Kapital Menecment İnvestisiya Şirkәti” ASC vә s.) var. Birjanın fәaliyyәti Azәrb. Resp. Maliyyә Bazarlarına Nәzarәt Palatası tәrәfindәn tәnzimlәnir. Birjada sәhm vә istiqraz kimi korporativ qiymәtli kağızların, Maliyyә Nazirliyinin istiqrazları, Mәrkәzi Bankın notları kimi dövlәtin borc kağızlarının ticarәti vә REPO әmәliyyatları hәyata keçirilir. Bütün bazarlar üzrә ticarәt әmәliyyatlarının illik dövriyәsi 5,8 mlrd. manat tәşkil etmişdir (2017).