FONÉM – dilin sәs quruluşunda әn kiçik vahid. F. dil vahidlәri içәrisindә birtәrәfli işarә olması ilә fәrqlәnir. F.-in ayrılıqda mәnası olmasa da, sözlәrin forma vә mәzmununu fәrqlәndirmәyә xidmәt edir; mәs., “qaş”, “quş”, “qış” sözlәri mәnaca “a”, “u”, “ı” F.-lәrinә görә fәrqlәnir. F.-i parçalamaq mümkün deyil. Hәr bir söz ardıcıl gәlәn F.-lәrin birlәşmәsidir. F. anlayışını dilçilik elmi tarixindә ilk dәfә İ.A.Boduen de Kurtene müәyyәnlәşdirmiş, termin kimi onu 1874 ildә fransız dilçisi L.Ave (Navet) işlәtmişdir. F. de Sössür 1879 ildә ulu dildә mövcudluğu tәsәvvür edilәn vә tәlәffüz tәrzi dәqiq bilinmәyәn sәslәri F. adlandırmışdır. Əmәlәgәlmә yerinә görә fәrqlәnәn saitlәr, yәni ön sıra (i, ü, e, ә, ö) vә arxa sıra (ı, u, a, o) saitlәr eyni bir söz vә ya söz-forma daxilindә işlәnә bilmәz (işıq, ildırım kimi bir neçә söz istisnadır); eyni zamanda dilortası samitlәrin (g, k) arxa sıra, dilarxası samitlәrin (k, q, ğ, x) ön sıra saitlәrlә bir hecada işlәnmәsi dә mümkün deyil (alınma sözlәr istisnadır).
Azәrb. dilindә 40 F. (15 sait, 25 samit) var, bu F.-lәr 32 hәrflә işarә edilir. Azәrb. dilindәki sait F.-lәr incә, qalın, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan vә s., samit F.-lәr isә kar, cingiltili, küylü, novlu, qovuşuq, burun, dodaq, dilönü, dilortası, dilarxası vә s. olur. Azәrb. dilindә söz әvvәlindә işlәnmәyәn 2 F. var: ı saiti vә ğ samiti.