FONTÁN ARMATURU – fontan vuran neft vә qaz quyularının ağzını kiplәşdirmәk, onlara nәzarәt etmәk vә istismar rejimini tәnzimlәmәk mәqsәdilә istifadә olunan quyuağzı avadanlığı. Yerüstu (quruda qazılmış quyular üçün) vә sualtı (dәniz quyuları) F.a. vardır. Konstruksiyasına görә xaçvarı vә üçkeçidli olur. F.a. boru vә kәmәr başlıqlarından, fontan yolkasından ibarәtdir. F.a.-nun aşağı hissәsindә yerlәşәn kәmәr başlığı qoruyucu kәmәri asmaq, borulararası boşluğu kiplәşdirmәk vә s. üçündür. Quyuya endirilәn nasos-kompressor borularını asmaq vә hermetiklәşdirmәk üçün olan boru başlığı kәmәr başlığına bәrkidilir. Fontan yolkası quyu mәhsulunu atqı xәtlәrinә yönәldir, quyunu idarә vә nәzarәt etmәyә imkan yaradır. F.a. manometr, termometr vә s. ilә tәchiz olunur. Armatur vә siyirtmәlәrin keçid kәsiyi 50–150 mm, işçi tәzyiqi 105 MPa-a qәdәrdir. F.a.-nun siyirtmәlәri әl ilә, yaxud mәsafәdәn (avtomatik) idarә olunur. Mәsafәdәn idarә әmrlәri hidravlik, pnevmatik vә elektrik siqnalları şәklindә verilir. Eyni zamanda iki vә daha çox laydan neft çıxarılan quyular ayrılıqda istismar F.a. ilә tәchiz olunur.