FORD Cerald Rudolf (әsl adı Kiçik Lesli Linç Kinq) (14.7.1913, Nebraska ştatı, Omaha – 26.12.2006, Kaliforniya ştatı, Miraj rançosu) – ABŞ-ın 38-ci prezidenti (1974–77). Kiçik sahibkar ailәsindә doğulmuşdur. Miçiqan (1935) vә Yel (1941) un-tlәrini bitirmişdir. 1942–46 illәrdә hәrbi-dәniz donanmasında xidmәt etmiş, Sakit okeanda aparılan döyüş әmәliyyatlarında iştirak etmişdir. 1948–73 illәrdә Respublikaçılar partiyasından Nümayәndәlәr palatasının üzvü, 1965–73 illәrdә palatada respublikaçıların lideri olmuşdur. 1973 ilin oktyabrında (vitse-prezident S.Aqnyunun istefasından sonra) prezident R.Nikson tәrәfindәn vitse-prezident tәyin edilmişdir. 1974 il avqustun 9-da “Uotergeyt işi” ilә әlaqәdar Niksonun istefası nәticәsindә ABŞ prezidenti vәzifәsini tutmuşdur, (ABŞ tarixindә hәm vitse-prezident, hәm dә prezident vәzifәsinә ümumxalq sәsvermә yolu ilә seçilmәmiş yeganә prezident). 1975 ildә Helsinki sazişini imzalamışdır. Onun prezidentliyi dövründә Vyetnamda müharibә başa çatmışdır. Daxili siyasәt sahәsindә F. әsas diqqәtini ilk növbәdә ABŞ iqtisadiyyatını böhrandan çıxarmağa yönәltmişdi. 1976 ildә keçirilәn prezident seçkilәrindә R.Reyqanı çәtinliklә qabaqlayaraq Respublikaçılar partiyasından yeganә namizәd kimi irәli sürülsә dә, sonda demokratların namizәdi C.Karterә mәğlub olmuşdur.