FÓREKS BAZARI (ing. FX, foreign exchange market – xarici mübadilә bazarı) – azad qiymәtlәr üzrә banklararası valyuta mübadilәsi bazarı; bir ölkәnin valyutasının şәrtlәşdirilmiş mәblәğdә müәyyәn tarix üçün tәsbit olunmuş mәzәnnә üzrә başqa ölkәnin valyutası ilә mübadilәsinә dair valyuta bazarı agentlәrinin mәcmu әqdlәri. Əsas iş prinsipi, ucuz qiymәtә alınmış valyutanı sonradan daha baha qiymәtә sataraq mәnfәәt әldә etmәkdәn ibarәtdir.
1960-cı illәrin sonlarından Bretton-Vuds valyuta sistemindә başlayan böhran Yamayka valyuta sistemi ilә әvәz olunmasına gәtirib çıxardı. 1976 ildә BVF-yә üzv ölkәlәr arasında beynәlxalq valyuta sisteminin qurulması haqqında yeni saziş imzalandı, üzәn (çevik) mәzәnnә valyuta mübadilәsindә әsas alәtә çevrildi. Yeni sistemdә mübadilә mәzәnnәsi valyutanın qızıl ekvivalenti ilә yanaşı, bazarda ona olan tәlәb-tәklifdәn asılıdır. Nәticәdә yeni fәaliyyәt sahәsi – valyuta ticarәti yaranmışdır. Mübadilә әmәliyyatları artıq F.b.-nda mәrkәzi bank, kommersiya bankları, investisiya bankları, broker vә dilerlәr, pensiya fondları, sığorta şirkәtlәri, transmilli korporasiyalar vә s. maliyyә institutları vasitәsilә hәyata keçirilir (bax Valyuta bazarı). 1989 ildәn başlayaraq hәr 3 ildәn bir Beynәlxalq Hesablaşmalar Bankı F.b.-nı (dövriyyәsini, strukturunu vә dinamikasını) genişmiqyaslı tәdqiq edir vә nәticәlәri qurumun rәsmi saytında yerlәşdirir. 2016 ildә F.b.-nın gündәlik dövriyyәsi 5,1 trln. dollar tәşkil etmişdir.
Azәrb.-da ilk dәfә Bakı fond birjası F.b.-nı mütәşәkkil bazara cәlb edәrәk әmәliyyatların birja vasitәsilә hәyata keçirilmәsinә vә birbaşa monitorinqinin aparılmasına nail olmuşdur. F.b. әmәliyyatları investisiya şirkәtlәri, bankların nәzdindәki maliyyә şirkәtlәri vә s. vasitәsilә hәyata keçirilir. F.b.-nda aparılan әmәliyyatların ümumi mәblәği 5,9 mlrd. manat tәşkil etmişdir (2017; 2016 il ilә müqayisәdә 33,8% artmışdır).