FORÉL Ogüst Anri (1.9.1848, Vo kantonu, La-Qrasyoz – 27.7.1931, İvorn, orada) – İsveçrә nevropatoloqu, psixiatr, entomoloq vә ictimai xadim. Tәbabәti Sürix (1866–71) vә Vyana (1871–72; T.Meynertin şagirdi) Un-tlәrindә öyrәnmişdir. 1871 ildә Fransa-Prussiya müharibәsindә könüllü olaraq hәkim kömәkçisi kimi iştirak etmişdir. 1873 ildәn Vyanada psixiatriya klinikasında B. fon Quddenin assistenti, 1877–79 illәrdә Vyana Un- tinin psixonevroloji privat-dosenti olmuşdur. 1879–1906 illәrdә Sürixdә Bürqhelsli psixiatriya klinikasının direktoru vә eyni zamanda (1879–98) Sürix Un-tinin psixiatriya prof.-u işlәmişdir. 1907–09 illәrdә psixoterapevt kimi tibbi praktika ilә mәşğul olmuşdur. F.-in ilk әsәrlәri mәrkәzi sinir sisteminin anatomiya vә fiziologiyasına hәsr edilmişdir. 1872–77 illәrdә orta beyin qapağının mәrkәzi çarpazını (Forel çarpazı), eşitmә siniri nüvәsini (1885) vә s. tәsvir etmişdir. Mikrotomun konstruksiyasını yaxşılaşdırmaqla (1874), insanın baş beyninin 2000 histoloji kәsikdәn ibarәt seriyasını hazırlamışdır vә bu, neyronlar haqqındakı tәlimin inkişafına sәbәb olmuşdur. F.-in hipotizm (bax Hipnoz) üzrә әsәrlәri psixoterapiyanın yaranmasında mühüm rol oynamışdır. 1909 ildә F. Beynәlxalq Tibbi Psixologiya vә Psixoterapiya İttifaqı yaratmışdır. Alkoqolizm, fahişәlik, zöhrәvi xәstәliklәr problemlәri ilә mәşğul olmuşdur. Onun “Cinsiyyәt mәsәlәsi” (1905) kitabı seksologiyanın vә seksopatologiyanın inkişafına kömәk etmişdir. Entomologiya sahәsindә “Qarışqaların sosial hәyatı” (1921– 23) F.-in әsas әsәrlәrindәndir. Hәmçinin mәhkәmә psixiatriyası, etika problemlәrini dә tәdqiq etmişdir.
Beynәlxalq sülh tәrәfdarlarları hәrәkatının iştirakçısıdır.
Ə s ә r l ә r i: Die Trinksitten, ihre hygienische und soziale Bedeutung. Basel, 1890; Der Hypnotismus und die suggestive Psychotherapie, Stuttg., 1902; Gehirn und Seecle, 9 Aufl., Stuttg., 1906; Половой вопрос, т. 1–2, Харьков, 1928.