FÓRMA, d i l ç i l i k d ә – 1) dilin eşitmә (vә ya görmә) qavrayışı ilә bağlı olan zahiri, müşahidә olunan şәkli. Ümumiyyәtlә dillә bağlı işlәdildikdә “F.” termini F. de Sössürün “ifadә”, yaxud L. Yelmslevin “ifadә planı” terminlәrinә uyğun gәlir vә dil mәlumatlarının ötürülmәsinә xidmәt edәn maddi vasitәlәr sahәsini bildirir. Bu mәnada F. dilin mәzmun, semantika, mәna cәhәtinә qarşı qoyulur.
Ayrıca dil vahidi olaraq işlәdildikdә, F. termini dil işarәsinin zahiri tәrәfini, onun maddi, fiziki mahiyyәtini ifadә edir vә mәnaya, anlayışa, funksiyaya vә s. qarşı qoyulur.
Deskriptiv dilçilik konsepsiyasında F. hәr hansı bir mәlumatı daşıyan sәs zәncirinin bir hissәsi kimi müәyyәnlәşdirilir. L. Blumfildә görә, F. sadә vә mürәkkәb, hәmçinin “müstәqil” (söz vә konstruksiyalar) vә “asılı” (morfemlәr) növlәrә bölünür. Qrammatika bütövlükdә formanın mәnalı tәrtibi kimi müәyyәnlәşdirilir.
2) Dildәnxaric mühitin hissәlәrә ayrılmasının müәyyәn qaydası, F. de Sössürün terminologiyasında fonetik vә ya semantik substansiyanın dilә görә parçalanması üsulu. Sössürә görә “dil substansiya deyil, formadır”. Qlossematikada F. tәkcә substansiyaya qarşı deyil, hәm dә materiala qarşı
qoyulur. Belә ki, ifadә planının hazırlandığı material bütün dillәr üçün ümumi ola bilәr, mәs., insanın nitq orqanları vasitәsilә tәlәffüz oluna bilәn bütün sәslәr. Müәyyәn dil üçün sәciyyәvi olan ifadә F.-sı bu ümumi materialda әksini tapır. Mәhz o, ifadә F.-sı ifadә materialını ifadә substansiyasına çevirәrәk formalaşdırır. Bu halda eyni mәzmun materialı hәr bir dildә ona xas mәzmun F.-sına uyğun olaraq, xüsusi şәkildә ayrılır vә tәrtib olunur. Bu F. ilә nizama salınmış “mәna” mәzmunun substansiyasına çevrilir. Hәr planın F.-sı onun nümayiş etdirildiyi substansiyadan asılı olmayaraq, hәmin dil üçün spesifik quruluş vә ya sxemdir.
F. de Sössürün vә L. Yelmslevin F.-ya dair şәrhi Aristotel konsepsiyasındakı F. vә “materiya”nın müqayisәsini xatırladır. Bu konsepsiyaya görә, hәr bir fәrdi şey materiyadan vә müәyyәn F.-dan ibarәtdir. Aristotelin F. vә materiya ilә bağlı şәrhi sonralar qrammatiklәr tәrәfindәn “maddi, әşyәvi” (yәni leksik) vә “formal” (yәni qrammatik) mәnaları, hәmçinin müstәqil vә kömәkçi nitq hissәlәrini fәrqlәndirmәk üçün istifadә olunmuşdur. Qlossematikada “mәzmun F.-sı” 19–20 әsrlәrin bir sıra konsepsiyasında “dilin daxili F.-sı” anlayışına müәyyәn dәrәcәdә yaxındır.
3) Şәkildәyişmә, müxtәliflik, hansısa mahiyyәt tәzahürlәrindәn biri. Bu mәnada daha çox sözlә bağlı, ilk növbәdә sözün qrammatik F.-ları ilә bağlı işlәdilir. Bununla bәrabәr, “F. termini hәm bu vә ya digәr konkret söz, hәm dә müxtәlif sözlәrin birfunksiyalı qrammatik F.-ları sinfi ilә әlaqәdar istifadә olunur.
“F. “ termininin göstәrilәn mәnaları bir-birini inkar etmir.
Əd.: Е л ь м с л е в Л. Пролегомены к теории языка//Новое в лингвистике. М., 1960. Вып. 1; Блумфилд Л. Язык. 2-е изд. М., 2002; Е с п е р с е н О. Философия грамматики. 3-е изд. М., 2006; Л а й о н з Дж.Введение в теоретическую лингвистику. 2-е изд. М., 2010.