FORMÓSA – Argentinanın şm.-ş.-indә әyalәt. Sah. 72,1 min. Əh. 530,2 min (2010). İnz. m. Formosa ş.-dir.
Tәbiәt. Əyalәtin әrazisini Rio-Bermexo vә Pilkomayo çayları arasında Qran-Çako düzәnliyi tutur. Tropik iqlimi var. Ortaillik temp-r yayda 21°C (maks. 46°C), qışda 18°C-dir. Yağıntının illik miqdarı 80 mm, yağışlar mövsümündә 1000 mm olur. Pilkomayo vә Rio-Bermexo çayları (Paraqvayın sağ qolları) yalnız yayda gursulu olur.
Qran-Çakonun ş.-indәki qırmızı-qәhvәyi torpaqlarda bәrk oduncaqlı alçaqboylu ağaclardan (kebraço, quayakana vә s.) ibarәt quru seyrәk meşәlәr, müxtәlifnövlü kaktuslar, çay dәrәlәrindә isә, әsasәn, mum palması meşәciklәri, hәmçinin hündürotlu çәmәnlәr vә bataqlıqlar yayılmışdır. Burada meymunların bәzi növlәri, vampirlәr (yarasalar), yaquarlar, qarışqayeyәnlәr, tukanlar yaşayır; Qran-Çakoda ilan çoxdur.
Rio-Pilkomaya Milli Parkı vә Formosa Milli Qoruğu әyalәt әrazisindәdir.
Tәsәrrüfat. Əyalәtin iqtisadiyyatı maldarlıq vә k.t.-na (pambıq vә meyvә becәrilir) әsaslanır. Aparıcı sahә maldarlıqdır (1,5 mln baş mal-qara). Pambıq ishesalı ildә tәqr. 50 min t-dur (2018). Əyalәtdә hәmçinin soya (ildә 25 min t), qarğıdalı (ildә 55 min t) vә daxili tәlәbat üçün banan (ildә 70 min t) yetişdirilir (2017). Sitrus meyvәlәrinin becәrilmәsi vә ixracyönümlü şirә istehsalı (әsasәn, qreypfrut) üçün ayrılmış sahәlәrdәn (1200 ha) ildә 15 min t mәhsul yığılır (2018). F.-da arıçılıq (273 t bal), meşә mәhsulları (140 min t) vә tikiş sәnayesi (pambıq, dәri) inkişaf etmişdir (2016).