FORT (lat. fortis – güclü, möhkәm), i s t e h k a m – açıq (çöl) vә ya qapalı (uzunmüddәtli) tipli iri fortifikasiya qurğusu. F.-ların inşasına 18 әsrdәn başlanılmışdır. Əvvәlcә qala divarının önündә ayrı-ayrı istehkamlar kimi yaradılmış, sonralar (18 әsr – 20 әsrin әvvәllәri) isә qalanın, yaxud möhkәmlәndirilmiş sәhra mövqeyinin tәrkib hissәsi olmuşdur. Müxtәlif konfiqurasiyalı açıq tipli F.-ların sah. 4–5 ha idi vә dairәvi müdafiә üçün uyğunlaşdırılırdı. İstehkamın perimetri (tәqr. 1000 m) boyunca qoruyucu xәndәklәri vә digәr maneәlәri olan 1–2 torpaq sәddi çәkilirdi. Sәddin arxasında 20–50 artilleriya topu yerlәşdirilirdi, iç tәrәfi atıcılıq mövqeyi kimi quraşdırılırdı. F.-un müdafiәsi üçün, toplara qulluq edәn әsgәrlәrdәn başqa, 2–4 piyada bölüyü ayrılırdı. Qapalı tipli F.-lar daşdan, betondan, zirehli konstruksiyalardan vә s.-dәn tikilirdi. 18 әsrdә F.-lar toplarla silahlanmış çoxyaruslu daş qüllәlәr kimi inşa olunurdu. 19 әsrdә bastion sistemli F.-lar (fransız F.-unun 40–50 artilleriya topu ilә silahlanmış 4–5 bastionu olurdu), sonralar isә kaponir sistemli F.-lar (mәs., alman F.-u 20–30 topla silahlanmış 2 cinah kaponirindәn vә 1 mәrkәzi kaponirdәn ibarәt idi) meydana gәldi. Birinci dünya müharibәsindәn (1914–18) sonra yeni tipli fortifikasiya qurğularının (ansambllar, dayaq mәntәqәlәri vә s.) tәtbiqi ilә әlaqәdar F. әlahiddә istehkam kimi әhәmiyyәtini itirdi vә möhkәmlәndirilmiş rayonun tәrkib hissәsi oldu.