FORTALÉZA – Braziliyanın şm.-ş.-indә şәhәr. Seara ştatının inz. m. Əh. 2,6 mln. (2018). Atlantika okeanı sahilindә port. Nәql. qovşağı. Beynәlxalq aeroport.
Fortaleza şәhәrindәn görünüş.
Müstәmlәkә işğallarınadәk bu әrazidә ovçuluq vә әkinçiliklә mәşğul olan hindi tayfası tupilәr mәskunlaşmışdılar. Portuqaliya müstәmlәkәçilәri 1603 ildә Tiara çayının mәnsәbindә San Tiaqo adlı fort, Braziliyanın şm.-ş. sahillәrini zәbt etmiş hollandlar isә burada Shonenborh fortunu tikmişdilәr. Portuqallar bu yerlәri geri aldıqdan sonra onu Fortaleza de Nosa Senyora de Assunsau adlandırmışlar. 1799 ildә F. әyalәtin paytaxtı olmuşdur. 19 әsrdә pambıqçılıq mәrkәzi kimi inkişaf etmişdir. 1870 ildә F.-da d.y. tikintisinә başlanılmışdı. 1910-cu illәrdә F. әhalisinin sayına görә Braziliyanın yeddinci şәhәri idi. 1970-ci illәrin sonunda F. iri sәnaye aqlomerasiyası mәrkәzinә, 1990-cı illәrdә ölkәnin әsas turizm mәrkәzlәrindәn birinә çevrilmişdir.
Joze di Alenkar teatrı (1910), Murusipe mayakı (hazırda muzeydir), Fortaleza baş kilsәsi, Palasio da Luj, İrasema heykәli vә s. şәhәrin tarixi abidәlәri sırasındadır. Un-t (1973), Seara dövlәt un-ti (1954), Seara in-tu (1887; tarix, coğrafiya vә antropologiya sahәsindә tәdqiqatlar aparır), Ədәbiyyat akademiyası (1894); mәdәniyyәt vә incәsәnәt, müasir sәnәt, mineralogiya, dәmiryol muzeylәri, planetari vә s. var.
Şәhәr iqtisadiyyatının әsasını turizm, ticarәt vә xidmәt sferası tәşkil edir. Ayaqqabı vә geyim (әsasәn, dәri mәmulatları) istehsal olunur; yeyinti (yağ z-du), toxuculuq, әczaçılıq vә neft emalı sәnayesi inkişaf etmişdir. Yaxınlığında faydalı qazıntılar hasil olunur. Cәnubi Amerikanın regional inkişaf vә mikrokreditlәşdirmә üzrә әn iri maliyyә in.-tu olan “Banko do Nordeste”-nin mәnzil-qәrargahı burada yerlәşir.
İctimai nәql.-ın әsasını avtobuslar tәşkil edir. Bütün ölkә әrazisindәn keçәn BR-116 federal avtomobil yolu F.-dan başlayır. 2012 ildәn metropoliten fәaliyyәt göstәrir.