FORTEPİÁNO (ital. pianoforte, ing., fr. piano, alm. Klavier) – musiqi alәti, klavişli zәrb xordofonu. Bu ad royal vә pianinonun bütün növlәrinә, hәmçinin F.-nun erkәn variantı olan hammerklavirә aiddir. Simlәr (225–230), rezonans dekası, dayaq konstruksiyaları, klaviş vә pedal mexanizmlәri, gövdә müasir F.-nun әsas elementlәridir. Polad mәftildәn düzәldilәn simlәr, (bas simlәr nazik mis tellәrlә sarılır); bir-birinә yapışdırılmış 7–11 mm qalınlıqlı küknar lövhәlәrdәn ibarәt deka üzәrinә çәkilir. Simlәr vә deka 2 çәrçivәli dayaq konstruksiyaya bәrkidilir. Klaviş mexanizmi ştiftlәr üzәrindә yellәnәn rıçaqlar sistemindәn – klaviaturadan vә mexanikadan ibarәtdir. İynәyarpaqlı ağac cinsi oduncağından kәsilәn 85–88 әdәd klaviş klaviatura çәrçivәsi üzәrindә yerlәşdirilir. Klavişlәrin çalınan hissәsi hәrәsindә 7 ağ vә 5 qara klaviş olmaqla oktavalar üzrә qruplaşdırılır. Müasir F. bәrabәr temperasiya olunmuş quruluşa malikdir, diapazonusu 7 –1 oktavaya çatdırılmışdır 4 (subkontroktavanın lya sәsindәn 5-ci oktavanın do sәsinә qәdәr). Sәlәflәri klavesin vә klavikorddan fәrqli olaraq F.-nun sәsi güclü vә sürәklidir: 12–15 saniyәyә qәdәr davam edir. İlk F.-lar B. Kristofori tәrәfindәn yaradılmışdır (1720-ci illәrin 3 alәti saxlanılmışdır). Üzәrinә xüsusi keçә (filts) çәkilmiş çәkiclәri simlәrә toxundurmaqla sәslәndirilәn F.-ların müxtәlif növlәri Kristoforidәn asılı olmadan fransız ustası J.Marius vә alman ustası İ.Q.Şröter tәrәfindәn icad edilmişdir. Kristoforinin alәtlәrindә çalan ilk mәşhur musiqiçilәrdәn biri D.Skarlatti olmuşdur. Kristoforinin mexanikasını Q.Zilberman tәkmillәşdirmişdir. F. yayıldıqca onda çalmaq sәnәti dә inkişaf etmişdir. “Klavirdә düzgün çalmaq tәcrübәsi” adlı ilk traktatlardan birinin (h. 1–2, 1753–62) müәllifi K.F.E.Baxdır. L.Custininin xüsusi olaraq F. üçün yazılmış 12 sonatasından ibarәt mәcmuә (1732) nәşr olunmuş әsәrlәr arasında әn erkәn topludur. V.A.Motsart vә Y.Haydnın klavir әsәrlәri- nin çoxu F. üçün yazılmışdır. 18 әsrin son rübündә 2 aparıcı F. ifaçılığı mәktәbi – Vyana (Motsart, İ.N.Hummel, İ.Moşeles, K.Çerni vә b., hәmçinin M.Klementi) vә London (İ.B.Kramer, C.Fild vә b.) mәktәblәri yaranmışdır. L. van Bethoven vә 18 әsrin sonu – 19 әsrin әvvәllәrinin pianoçuları 1830–40-cı illәrdә F.Kalkbrenner, S.Talberq, F.List, F.Şopen kimi virtuoz ifaçıların yetişmәsi üçün zәmin yaratdılar. 19 әsrin 2-ci yarısında ifaçılıq mәktәblәri bir çox ölkәdә formalaşdı. 19 әsrin sonu – 20 әsrdә fәaliyyәt göstәrmiş әn görkәmli pianoçular: F.Buzoni, M.Lonq, İ.Hofman, A.Korto, A.Şnabel, E.Fişer, Artur Rubinşteyn, A.Benedetti Mikelanceli vә b. Müasir fp. repertuarı çox genişdir. Y.Haydn, Motsart, Bethoven, F.Şubert, R.Şuman, Şopen, List, İ.Brams, P.İ.Çaykovski, Raxmaninov, A.N.Skryabin, K.Debüssi, M.Ravel vә b.-nın әsәrlәri fp. musiqisinin zirvәsini tәşkil edir. “Bexşteyn”, “Blütner” (Almaniya), “Bözendorfer” (Avstriya), “Brodvud” (B.Britaniya), “Erar” (Fransa), “Steynvey” (ABŞ) vә s. F. istehsal edәn әn mәşhur firmalardır.