FORTÚNA (lat. Fortuna) – Qәdim Roma mifologiyasında xoşbәxtlik vә uğur (ilk dövrdә mәhsuldarlıq vә analıq) ilahәsi. Yunan ilahәsi Tixe ilә eynilәşdirilirdi. F. kultunun Romada tәtbiqi çar Servi Tulli ilә әlaqәlәndirilirdi. Tale vә xoşbәxt tәsadüf ilahәsi kimi F.-nın şәrәfinә hәm ayrı-ayrı şәxslәr, hәm dә ailәlәr, legionlar, korporasiyalar, sәnәtkar kollegiyaları tәrәfindәn mehrablar vә mәbәdgahlar (mәs., Fәlәstindә Fortuna Primigeniyanın) tikilirdi. Roma imperatorlarının sikkәlәrindә F.-nın tәsviri verilirdi. Onu bolluq rәmzi olan buynuz ilә, bәzәn kürә, yaxud tәkәr (bәxt dәyişkәnliyinin rәmzi) üstündә vә ya gözlәri bağlı tәsvir edirdilәr. F. obrazı 11 әsrin sonlarından etibarәn orta әsrlәr tәsviri sәnәtindә istifadә olunurdu (Q. fon Landsberqin “Hәzzlәr bağı” traktatında miniatür,12 әsrin sonu; Turindәki San-Salvatore kilsәsindә döşәmә mozaikaları, 12 әsrin sonu vә s.). İntibah incәsәnәtindә F. kürәnin üstündә әlindә at yüyәni ilә (A.Dürerin 1501–1503 illәr arasında yaratdığı “Nemezida, yaxud Böyük Fortuna” qravürası), qayıqda әlindә sfera ilә (Covanni Bellininin “Fortunanın alleqoriyası” rәsmi, 1490, Akademiya Qalereyası, Venesiya), gözlәri bağlı vә әlindә hәdiyyәlәrlә (C.Salviatinin “Fortuna vә Yaxşılıq arasındakı Minerva” divar rәsmi, 1556, Marçian milli kitabxanası, Venesiya) tәsvir edilirdi.