FORTUNÁTOV Filipp Fyodoroviç (14.1.1848, Voloqda – 3.10.1914, Kosalma, Kareliyanın indiki Prionejsk r-nu) – rus dilçisi, hind-Avropa dillәri vә slavyan filologiyası mütәxәssisi, gizli müşavir (1906), Peterburq EA-nın akad. (1898). Zadәgan nәslindәndir. Moskva Un-tinin tarix-filologiya fakültәsini bitirmişdir (1868). 1871–73 illәrdә Almaniya, Fransa vә Böyük Britaniyada tәcrübә keçmişdir. 1876–1902 illәrdә Moskva Un-tindә (1884 ildәn prof., müqayisәli dilçilik kafedrasının müdiri), 1902 ildәn EA-nın rus dili vә әdәbiyyatı bölmәsindә (1912 ildәn EA İdarә Heyәtinin üzvü) işlәmişdir.
F. Moskva Fortunatov mәktәbi adı ilә tanınan dilçilik mәktәbinin banisidir. Hind-Avropa dillәrinin fonetikasına dair әsәrlәrin müәllifidir; sәs dәyişmәlәrinin öyrәnilmәsindә tarixi yanaşmanın zәruriliyini göstәrmişdir. Sanskriti (“Qәdim hind dilindәki Hind-Avropa süzgün samitlәri”, 1896
vә s.) tәdqiq etmişdir. Dilin tәfәkkür vә cәmiyyәtlә әlaqәsinә dair fikir irәli sürmüşdür. Mühazirә kurslarında “Hind-Avropa dillәrinin müqayisәli fonetikasının qısa oçerki” (1922 ildә nәşr olunmuşdur), “Qәdim slavyan dilinin fonetikasına dair mühazirәlәr” (1919 ildә nәşr olunmuşdur), hәmçinin yunan, qot, Litva dillәrinә hәsr olunmuş mühazirәlәrdә dilә sistem kimi yanaşmada öz baxışlarını şәrh etmişdir. Sinxroniya vә diaxroniyanı tamamilә fәrqlәndirәrәk, eyni zamanda F. de Sössürlә birlikdә dilçilik tәdqiqatının formalaşdırılmasını әsaslandırmış, Baltika vә slavyan dillәrindә intonasiyadan asılı olaraq, vurğunun yerdәyişmәsi qanununu müәyyәn etmişdir (Fortunatov – de Sössür qanunu). Hind-Avropa ulu dilindә 3 burun saitinin, qәdim slavyan dilindә vә qәdim rus dilindә xüsusi “e” burun saitinin mövcudluğunu sübuta yetirmişdir. Söz formalar nәzәriyyәsi әsasında dillәrin xüsusi morfoloji tәsnifatını vermişdir. Slavyan abidәlәrini vә qrafikasını araşdırmış, qәdim slavyan dili abidәlәri seriyasını redaktә etmişdir. A.A.Şaxmatov, D.N.Uşakov, V.K.Porjezinski, M.M.Pokrovski, O.Brok, A.Beliç vә b. onun tәlәbәlәri olmuşlar.
Ə s ә r i: Избр. тр. Т. 1–2, М., 1956–57.