FOSFİTLƏR – fosfit turşusunun H3PO3 mürәkkәb efirlәri vә duzları.
Duzlar – qeyri-üzvi F. suda pis hәll olur (qәlәvi metalların F.-indәn başqa); qızdırıldıqda ortofosfatlara vә PH3-ә qәdәr aşağı oksidlәşmә dәrәcәli P törәmәlәrinә parçalanır; sulu mәhlullarda ortofosfatlara qәdәr oksidlәşirlәr. Metal hidroksidlәrinin H3PO3-ü neytrallaşdırmasından alınır. Qeyri-üzvi sintezdә reduksiyaedici, polimerlәrin stabilizatoru kimi istifadә olunur.
Efirlәr arasında üzvi F. tam üçlü (RO)3P, turş ikili (RO)2P(O)H vә birli ROP(O)H(OH) (burada, R – alkil, aril, heterotsikl qalığı) F.-ә ayrılır. Üçlü vә ikili F. PCl3-ün spirtlәrlә (fenollarla) qarşılıqlı tәsirindәn alınır; yüksәkmolekullu spirtlәrin efirlәri üçlü F.-in yenidәn efirlәşmәsindәn vә ya fosfit turşusunun amidlәrinin alkoqolizindәn; birli F. ikili F.-in qәlәvi hidrolizindәn alınır. Plastik kütlәlәri vә toxunma materiallarını modifikasiya etmәk üçün әlavәlәr, qida sәnayesindә polimer plyonkaların stabilizatoru vә antioksidantı, yağlara vә hidravlik mayelәrә әlavә, kompleksәmәlәgәtirici, sәthi-aktiv maddә kimi, fosfor tәrkibli polimerlәrin, pestisidlәrin, dәrman vasitәlәrinin sintezindә vә s. tәtbiq olunur.