FOSFOR OKSİDLƏRİ – fosforun oksigenlә әmәlә gәtirdiyi birlәşmәlәr. Tetrafosfor-monooksid (P4O); tetrafosfor-dioksid [P4O2 (P2O)2]; tetrafosfor-heksaoksid [P4O6 (P2O3)2]; tetrafosfor-oktaoksid (P4O8); tetrafosfor-dekaoksid [P4O10 (P2O5)2]; fosfor-trioksid (fosfor peroksid) PO3 fәrdi maddәlәr kimi mәlumdur; kiçik mötәrizәlәrdә kimyәvi formullarla tәsvir edilmiş molekullar dimer şәklindә mövcuddur. P4O6 vә P4O10 daha çox öyrәnilmişdir.
Tetrafosfor-monooksid P4O qırmızı-boz kristal maddәdir. Sıxlığı 1,891 q/sm3; 270−280°C-dә alovlanır, quru havada 350°C temp-ra qәdәr davamlıdır, inert qaz mühitindә qızdırıldıqda P vә P4O10 әmәlә gәtirmәklә parçalanır, su ilә reaksiyaya girmir. Fosforun oksigen çatışmayan şәraitdә yandırılmasından, POCl3-ün Al, Zn vә ya ağ fosforla qarşılıqlı tәsirindәn, elәcә dә fosforun PCl3-dә vә dietil efirindә mәhlulları uzun müddәt havada saxlanıldıqda tetrafosfor-monooksid alınır.
Tetrafosfor-dioksid [P4O2 (P2O)2] sarı kristal maddәdir. Normal tәzyiqdә 100°C-dәk, vakuumda 135°C-dәk davamlıdır, daha yüksәk temp-rlarda isә fosfor ayrılmaqla parçalanır. Su ilә qarşılıqlı tәsirdә olmur; lehimlәnmiş borucuqda, hava mühitindә P4O2-in suda mәhlulu H3PO3-ә qәdәr oksidlәşir, quru havada davamlıdır. Etanolda, asetonda vә s. hәll olmur. Tetrafosfor-dioksid 50−60°C temp-rda ağ fosforun CCl4-dә mәhlulundan oksigen vә ya hava buraxmaqla, elәcә dә lehimlәnmiş borucuqda POCl3 vә H4PBr2-ni 773°C-dәk qızdırmaqla alınır.
Tetrafosfor-heksaoksid (köhnә adı fosfit anhidridi) P4O6 pis iyli ağ lopaşәkilli vә ya kristallik maddәdir. Qırmızı fosforun vә müxtәlif oksidlәrin (P4O8, P4O10) qismәn qopması ilә 200°C-dәn yuxarı temp-rda parçalanır. Üzvi hәlledicilәrdә (benzol, CS2) yaxşı hәll olur. P4O6 adi şәraitdә P4O10-a qәdәr tәdricәn oksidlәşir. Quru vә nәmli seyrәk oksigen mühitindә müvafiq olaraq 40°C vә 130°C temp-rda oksidlәşir. P4O6 soyuq hәll olduqda H3PO3, isti suda isә H3PO4, PH3, P; HCl ilә H3PO3 vә PCl3 әmәlә gәtirir; 150°C-dәn yuxarı temp-rda Cl2, Br2, I2 vә S ilә şiddәtli reaksiyaya girir.
Tetrafosfor-oktaoksid P4O8 ağ, lopaşәkilli vә ya kristallik maddәdir. Qaz halındakı oksidin molekulu P8O16 formulu ilә ifadә olunur. P4O8 100°C-dәk temp-rda davamlıdır vә 180°C-dә sublimasiya edir; tәmiz oksigen mühitindә 400°C-dәn yuxarı temp-rda oksidlәşәrәk P4O10 әmәlә gәtirir. P4O8 suda hәll olur, üzvi hәlledicilәrdә hәll olmur.
Tetrafosfor-oktaoksid fosforun mәhdud miqdar havada aşağı temp-rda yandırılmasından vә ya P4O6-nın lehimlәnmiş borucuqda 200–250℃-dә 48 saat әrzindә qızdırılmasından alınır.
Tetrafosfor-dekaoksid P4O10 (vә ya P2O5 difosfor pentaoksid, köhnә adı fosfat anhidridi) rәngsiz amorf şüşәyә oxşar (G-forma) vә ya kristallik maddәdir. P2O5 çox hiqroskopik maddә olduğuna görә әn effektli quruduculardan biridir. O, hәmçinin güclü dehidratlaşdırıcı agentdir. P2O5-in spirtlәr, efirlәr, fenollar vә s. ilә reaksiyasından fosfor-üzvi birlәşmәlәr alınır. NH3 vә quru hidrogen-halogenidlәr ilә müvafiq olaraq kondenslәşmiş ammonium-fosfatlar vә fosfor-oksihalogenidlәr әmәlә gәtirir. P2O5-in qaz fazada bәrk mәsamәli oksid sistemlәri üzәrindә polifosfatların әmәlә gәlmәsi ilә polimerlәşmәsi verilmiş xassәlәrә malik yeni qeyri-üzvi kompozisiya materialların yaradılması üçün geniş imkanlar açır. P4O10 qaz vә mayelәrin quruducusu kimi, üzvi sintezdә dehidratlaşma vә kondenslәşmә reaksiyalarında, sәthi-aktiv maddәlәrin, fosfat şüşәlәri vә d. qeyri-üzvi materialların istehsalında istifadә edilir. Zәhәrlidir.
Fosfor-trioksid (fosfor-peroksid) PO3 bәnövşәyi rәngli (tәrkibindәki qarışıqlara görә) bәrk maddәdir. Oksigen ayırmaqla 127°C-dә parçalanır, PO3 vә ya onun dimerinin hidratlaşmasından perokso-fosfat, yaxud perokso-pirofosfat turşuları alınır; metal oksidlәri ilә peroksofosfatlar әmәlә gәtirir. Fosfor-trioksid vakuumda P4O10-nun buxarına elektrik boşalmasının tәsirindәn alınır.