FOSFOR-ÜZVİ BİRLƏŞMƏLƏR – molekulunda fosfor atomu karbon atomu ilә birbaşa vә ya heteroatom (O, S, N) vasitәsilә әlaqәdә olan birlәşmәlәr. F.-ü.b. bir qayda olaraq iki sinfә ayrılır: fosfor saxlayan turşular (cәdvәl; R – üzvi radikal) vә onların törәmәlәri (efirlәr, amidlәr, xloran-hidridlәr vә s.); fosfinlәr vә onlara qohum olan birlәşmәlәr.
*-Fosfor-üzvi birlәşmәlәrә yalnız turşunun törәmәlәri aiddir.
Fosfinlәr vә onların törәmәlәri birli RPH2, ikili R2PH vә üçlü R3P fosfinlәrә; üçlü fosfinlәrin oksidlәrinә R3P=O; üçlü fosfinlәrin sulfidlәrinә (tiooksidlәr) R3P=S; fosfazobirlәşmәlәrә R3P=NX vә fosfonium birlәşmәlәrә R4P+X− ayrılır.
F.-ü.b.-in alınmasının (F−C әlaqәsi әmәlә gәlmәklә) әsas üsulları arasında fosfor (III) turşularının efirlәrinin alkilhalogenidlәrlә vә ya fosfor-halogenidlәrin litium-, yaxud maqnezium-üzvi birlәşmәlәrlә qarşılıqlı tәsirindәn, hәmçinin P−H әlaqәsi saxlayan maddәlәrin doymamış vә karbonil birlәşmәlәr ilә katalitik, ya da homolitik birlәşmә reaksiyasından daha geniş istifadә olunur.
Bәzi F.-ü.b. (mәs., adenozinfosfat turşuları, qlükozofosfatlar, nuklein turşuları, nukleotidlәr, fosfolipidlәr) canlı orqanizmlәrin tәrkibindә olur vә mühüm biokimyәvi funksiyaları yerinә yetirir. F.-ü.b. texnikada vә k.t.-da geniş tәtbiq edilir. Onların çoxu effektiv insektisid, akarisid, funqisid vә bakterisiddir. F.-ü.b. nadir torpaq vә transuran elementlәrin ekstragenti, antipiren, plastifikator, hәlledici vә s. kimi polimerlәrin stabillәşdirilmәsi vә sürtkü yağlarının keyfiyyәtinin yaxşılaşdırılması üçün istifadә olunur. Bәzi zәhәrlәyici maddәlәr F.-ü.b.-ә aiddir.