FÓSTER Norman (d.1.6.1935, Mançester) – ingilis memarı. Mançester (1956–61), hәmçinin Nyu-Heyvendәki Yel un-tlәrindә (1961–62; R.Rocerslә burada tanış olmuşdur) tәhsil almışdır. Hay-tek üslubunun banilәrindәn biridir. Rocerslә birlikdә Londonda “Team 4” (1963–67) memarlıq bürosunu yaratmış vә Uiltşir qraflığındakı Suindonda “Reliance Controls” fabrikinin layihәsini vermişdir (1967; saxlanılmamışdır). Sәnaye tikililәri üzәrindә işlәyәrkәn yüngül standart elementlәrdәn, inteqrasiya olunmuş infrastrukturdan vә çoxfunksiyalı daxili mәkandan ibarәt bina konsepsiyasını ardıcıllıqla işlәyib hazırlamışdır (Noricdә Seynsberi Tәsviri Sәnәt Mәrkәzi, 1977–78 vә s.). F. ofislәr üçün interyerin tәbii işıqladolu sәrbәst planlaşdırılmasını ilk tәklif edәnlәrdәn biri olmuşdur (İpsuiçdә “Willis Faber & Dumas” şirkәtinin binası, 1975 vә s.). Mükәmmәllik vә harmoniya, yeni materiallar vә konstruksiyaların estetik imkanlarından mәharәtlә istifadә F. yaradıcılığının әsas xüsusiyyәtlәrindәndir. Londondakı Stansted aeroportunun terminalı (1991) bir çox cәhәtdәn müasir aeroportların planlaşdırılmasını müәyyәnlәşdirmişdir [Syanqanda (1998), Pekindә (2008) aeroport terminalları]. Reyxstaq binasının bәrpasını hәyata keçirmiş (1994–99), onun yeni günbәzini şüşә vә metaldan etmişdir. Mühәndis M.Virlöjö ilә birlikdә Fransanın c.-undakı Tarn çayı dәrәsindәn Miyo viadukunu (2004; hünd. 343 m; dünyada әn hündür körpü) salmışdır. 2000-ci illәrdәn effektiv resurslu layihәlәr, o cümlәdәn göydәlәnlәr üçün (“30 Sent Meri Aks”, London, 2004; “Herst tauer”, Nyu-York, 2006), hәmçinin gәlәcәyin infrastrukturları mövzusu (Ayda Avropa kosmik agentliyi üçün bazanın layihәsi, 2012; Afrikada pilotsuz nәqliyyat tәyyarәlәri üçün aeroportlar sistemi, layihә, 2015) üzәrindә işlәmişdir. Dizaynla da mәşğul olur. 1990 ildә rıtsar rütbәsinә, 1999 ildә ömürlük per tituluna layiq görülmüşdür.
N.Foster. “30 Sent Meri Aks”. London.