FOTOAPARAT, f o t o q r a f i y a a p a r a t ı – fotomaterialın (fotoplyonka, fotolövhә vә s.) işığahәssas tәbәqәsindә şәkli çәkilәn obyektin optik tәsvirini yaratmaq üçün cihaz. F.-ın prototipi – kamera-obskur kameranın önündә yerlәşdirilmiş әşyaların dәqiq şәklini çәkmәk üçün alәt kimi istifadә edilirdi. 1568 ildә venesiyalı D.Barbaro yarığında optik tәsvirin parlaqlığını artıran müstәvi-qabarıq linzanın qoyulduğu obskur kamerasını (stenop-kamera) tәsvir etmişdi. Fotoqrafiyanın ixtiraçıları J.N.Neps vә L.J.Dager stenop-kameradan istifadә etmişdilәr. 1830-cu illәrin sonunda Fransada ikilinzalı obyektivi vә iri kasetlәri olan taxta F.-ların (stenop-kamera әsasında) seriyalı istehsalı tәşkil edilmişdir. Metal gövdәli ilk F. 1842 ildә “Foqtlender” (“Voigtländer”) şirkәti tәrәfindәn hazırlanmışdır; onda alman optiki P.Foqtlenderin macar riyaziyyatçısı Y.Pesvalın hesablamaları әsasında düzәltdiyi çoxlinzalı obyektiv quraşdırılmışdı. 1888 ildә amerikalı sahibkar vә irxtiraçı C.İstmen elastik sellüloid әsaslı diyircәkli fotoplyonkası olan dünyada ilk “Kodak” aparatını yaratdı. 1924 ildә “Leyts” (“Leitz”) alman şirkәti 1930–40-cı illәrdә әn mәşhur olan “Leyka” F.-ını istehsal etdi. 1947 ildә E.Lend (ABŞ) çәkilişdәn 1–2 dәq sonra aparatdan kәnarda heç bir emal olmadan hazır fotoşәkli verәn “Paloroid” (birmәrhәlәli fotoproses) aparatını yaratdı; 1948 ildә Lend belә aparatların kütlәvi istehsalı üçün “Polaroid” şirkәtini qurdu. 1960–80-ci illәrdә yarımavtomat vә avtomat F.-lar meydana gәldi. 20 әsrin sonlarında ABŞ vә Yaponiyada rәqәmli F.-lar işlәnib hazırlandı.
F. ümumi tәyinatlı vә elm, istehsalat mәqsәdlәri (mәs., aerofotoçәkilişlәr, reproduksiya) üçün tәtbiq edilәn xüsusi növlәrә ayrılır. Ümumi tәyinatlı F.-ların böyük әksәriyyәtindәn hәm hәvәskarlar, hәm dә peşәkar fotoqraflar istifadә edir. F.-ın әsas hissәlәri işıqkeçirmәyәn kamera (fotokamera, burada fotomateriallı kaset yerlәşir), diafraqmalı fotoqrafik obyektiv (fotomaterialda obyektin optik tәsvirini yaradır), obyektivi fokuslayan mexanizm, F.-ı obyektә tuşlayan vә kadrın hüdudlarını müәyyәnlәşdirәn quruluş, fotoörtgәc (lazımi ekspozisiya müddәtindә işığahәssas materiala işıq şüalarının düşmәsini tәmin edir), fotoplyonkanı dartan (çәkәn) mexanizmdir. Ümumi tәyinatlı F. kadr pәncәrәsinin ölçülәrinә görә iri, orta vә kiçik formatlı, obyektivin fokuslama üsuluna görә şkalalı, mәsafәölçәnli vә güzgülü növlәrә ayrılır. F. vasitәsilә fotomaterial üzәrindә şәklin ekspozisiya vermә yolu ilә alınması f o t o ş ә k i l ç ә k m ә adlanır. Ekspozisiya prosesindә işığahәssas tәbәqәdә çәkiliş obyektinin gizli tәsviri әmәlә gәlir; kimyәvi-fotoqrafik emaldan (aşkarlamadan) sonra neqativ vә pozitiv görünәn tәsvirә çevrilir. F.-lar tәkmillәşdirildikcә әsas qovşaqlardan әlavә fotoçәkiliş prosesini demәk olar ki, tam avtomatlaşdırmağa imkan verәn eksponometr, eksponometrik qurğu, obyektivin avtofokuslama sistemi, mikroprossesorla idarәedilәn fotoörtgәc, işıqlandırma enerjisini avtomatik dozalayan fotoişıqsaçan vә s. quruluşlarla tәchiz edildi. Rәqәmli F.-larda optik tәsviri yazmaq üçün işığahәssas material әvәzinә yarımkeçirici fotomatrisdәn vә rәqәmli yaddaş qurğusundan istifadә olunur. Tәsvir elektron verici – matris tәrәfindәn qavranılır, sonra matrisdәn alınan siqnal analoq-rәqәm çeviricisi ilә rәqәm fayllarına çevrilәrәk F.-ın yaddaşına yazılır vә hәr hansı bir daşıyıcıda (mәs., flәş-yaddaşda) saxlanılır. Rәqәmli tәsviri (obrazı) dәrhal kompüterә dә ötürmәk mümkündür.