FOTOQRAFİK PROSESLƏR – işığahәssas qeydedici materialların kömәyilә gümüş halogenidlәr әsasında tәsvirin alınmasının fiziki-kimyәvi üsulları. 1839 ildә J.N.Neps vә L.J.Dager tәrәrfindәn gümüş birlәşmәlәrindә tәsvirlәrin alınması üsulunun (dagerotipiya) kәşfi F.p.-i xeyli dәyişdirdi, onların elm vә texnikanın bir çox sahәlәrindә geniş tәtbiqinә sәbәb oldu. 1851 ildә nәm kollodion prosesin kәşfi (F.S.Arçer, B.Britaniya) fotomaterialların hәssaslığının xeyli artmasına vә şәkillәrin keyfiyyәtinin yüksәlmәsinә imkan yaratdı. 1871 ildә quru gümüş-bromid jelatin lövhәlәrin hazırlanma üsulunun ixtira edilmәsi (R.Meddoks, B.Britaniya) müasir F.p.-in yaranmasına gәtirdi, fotoqrafik materialların sәnaye üsulu ilә hazırlanması mümkün oldu.
A ğ - q a r a F.p. 1841–43 illәrdә U.H.F.Talbot (Talbot) ilk dәfә tәcrübәdә işığahәssas tәbәqәdәn (neqativdәn) tәsvirlәri fotokağıza (pozitivә) keçirdi. Neqativ-pozitiv fotoproses fotoçәkilişdәn, kinofotomaterialların kimyәvi-fotoqrafik emalından, elәcә dә kontaktlı vә proyeksiyalı fotoçapdan ibarәtdir. Bu proses bir neqativdәn müxtәlif miqyaslı, yüksәk keyfiyyәtli, çoxsaylı surәtlәr almağa, fotoçәkilişdәki sәhvlәri düzәltmәyә imkan verir. Fotoçәkilişin aparıldığı fotomaterialda birbaşa pozitiv tәsvirin alınması F.p.-i tәsvirin yüksәk keyfiyyәti, qәnaәtlilik, informasiyanın alınmasında cәldlik ilә xarakterizә olunur; proses gümüş-halogen materialın qeyri-adi kimyәvi-fotoqrafik emalı sxeminin tәtbiqi hesabına yerinә yetirilir vә fotomaterialın ekspozisiyavermә şәraitinin dәqiq seçilmәsini tәlәb edir. Peşәkar vә xüsusi fotoqrafiyada birpillәli diffuziyalı fotoqrafik proses geniş tәtbiq tapmışdır. Aparat tәrtibatının sadәliyinә, nәticәlәrin yüksәk etibarlılığı vә stabilliyinә, maye mәhlulların olmamasına, tәsvirlәrin yüksәk keyfiyyәtinә görә bu fotoproses kosmik aparatdan Ayın görünmәyәn üzünün fotoçәkilişindә uğurla tәtbiq edilmişdir.
R ә n g l i F.p. Rәngli tәsvirlәrin alınması üçün ilk texniki fotoproseslәrdәn biri olan rastr F.p.-indә avtoxrom fotolövhәlәrdәn (1907 ildә Fransada L. vә O.Lümyer qardaşları istehsalına başlamışdılar) istifadә edilirdi. Rәngli kino vә fotoçәkilişdә, çapda çoxtәbәqәli fotoqrafik materiallarda aparılan F.p. daha geniş yayılmışdır. Rәngli fotomateriallarda rәngayırmanın vә rәngyaranmanın әsaslarını alman kimyaçıları B.Qomolka (1907) vә R.Fişer (1912) qoymuşdur. Diffuziyalayıcı rәngli komponentlәri olan rәngli çoxtәbәqәli fotoplyonkanı 1935 ildә L.Mannes vә L.Qodovski-oğul (ABŞ) ixtira etmişdir. 1936 ildә alman kimyaçıları V.Şnayder vә Q.Vilmans diffuziyalaşdırmayan rәngәmәlәgәtirәn komponentlәri tәtbiq etmәklә, neqativ çoxtәbәqәli fotoplyonka hazırladılar. Kimya, optika, elektronika vә mexanika sahәsindә әldә edilmiş nailiyyәtlәr 1960-cı illәrdә tәsvirin diffuziyalı köçürülmәsi ilә (1947 ildә amerikalı ixtiraçı E.Lend işlәmişdir) birmәrhәlәli rәngli F.p.-i hәyata keçirmәyә imkan verdi. Birmәrhәlәli prosesdә neqativ işığahәssas fotomaterial vә pozitiv işığahәssas olmayan qәbuledici tәbәqә vahid bütövlük tәşkil edir. Belә ki, ani fotoçәkiliş üçün “Polaroid SX-70” fotodәsti işıqda rәngli tәsvir almağa imkan verәn vahid bütöv sistemdir.