FOTOQRÁFİYA (foto + ... qrafiya) – işıq şüaları vә ya fotoşәkli çәkilәn obyektin әks etdirdiyi işıq şüalarının kömәyilә işığahәssas materiallarda (mәs., fotoplyonkalar, fotomatrislәr) obyektlәrin zaman әrzindә saxlanan görünәn tәsvirlәrinin alınması nәzәriyyәsi, metodları vә vasitәlәri, hәmçinin optik, rentgen vә s. şüalanmaların qeydiyyatı üsulları. Analoq vә rәqәmli, ağ-qara (monoxrom) vә rәngli F.; çәkilişinin xarakterinә görә bәdii, janr, reportaj, elmi vә s. F.; fototәsvirin qavranılma fәzasının xarakterinә görә müstәvi (adi) vә hәcmli (spektroskopik) F.-ya ayrılır. İşığahәssas materialların istifadәsi ilә hәcmli tәsvirlәrin alınmasının xüsusi üsulu holoqrafiyadır.
F.-nın banisi J.N.Neps, L.J.Dagen vә U.H.Talbot, ixtira tarixi 7.1.1839 il (Paris EA-nın iclasında D.F.Araqo ilk dәfә mәlumat verdi ki, Dager Nepslә birlikdә tәsvirlәrin alınmasının praktiki üsulunu işlәyib hazırlamışdır; sonralar bu üsul dagerotipiya adlandırıldı) hesab edilir. F.-nın inkişafının mühüm mәrhәlәlәri: neqativ-pozitiv prosesin (kalotipiya) ixtirası (1841, U.H.Tolbot, B. Britaniya); kolloid emulsiyalı lövhәlәrdә fotoqrafik tәsvirlәrin alınması (1851, F.S.Arçer, B. Britaniya); quru gümüş-bromid jelatin tәbәqәli lövhәlәrin yaradılması (1871, R.Meddoks, B. Britaniya); optiki sensabilizasiyanın kәşfi (1873, Q.Fogel, Almaniya); elastik nitrosellilöz altlıqda fotoplyonkanın kәşfi (1887, H.Hudvin, ABŞ); fotoplyonkadan istifadә ilә F. sisteminin işlәnib hazırlanması (1888, C.İstmen, ABŞ); rәngli tәsvirin alınması (1868– 69, L.Düko dü Oron, Fransa); tәsvirin çevrilmәsi prosesinin işlәnib hazırlanması (1935, L.Mannes vә L.Qodovski-oğul, ABŞ); diffuziyalı fotoqrafik prosesin kәşfi (1947, E.Lend, ABŞ); rәngli F. üçün “quru” aşkarlama prosesinin işlәnib hazırlanması (1971, “Polaroid” şirkәti, ABŞ).
İlk vaxtlar F. natura tәsvirlәrinin alınması üçün işlәdilirdi vә ilk fotoqraflar, әsasәn, rәssamlar idi. Fototәsvirin dәqiqliyi vә obyektivliyi F.-nı gerçәkliyin әks olunmasının vә әtraf mühitin öyrәnilmәsinin әn effektli üsulu etdi. 19 әsrin sonunda F.-dan sәyyahlar, naturalistlәr, etnoqraflar istifadә edirdi; 20 әsrdә F. informasiyanın sәnәdlәşdirilmәsinin vә saxlanılmasının әn vacib vasitәsi, kinematoqrafiyanın әsası, poliqrafiyanın әsas texniki vasitәlәri vә s. oldu. 1950 illәrdә F.-nın tәtbiq üsulları vә sahәlәrinin genişlәnmәsi ilә mәlum oldu ki, elm vә texnikanın bir çox sahәlәrindә (mәs., mikrofilmlәşdirmә, holoqrafiya, fotolitoqrafiya) gümüş halogenidli işığahәssas tәbәqәlәrin (İHT) xüsusiyyәtlәrinә görә F.-nın istifadәsi mәhdudlaşdı. Bu şәrait fotoqrafik tәsvirin alınmasının yeni (gümüş birlәşmәlәri olmayan İHT әsasında) alternativ üsullarının (elektroqrafiya, diazotipiya, termoqrafiya vә s.) inkişafını tәlәb edirdi.
Fotoqrafik materialların İHT-nin kimyәvi tәrkibindәn asılı olaraq, gümüşlü (gümüş-halogenid) vә gümüş olmayan (gümüşsüz F.) tәbәqәlәrdәki fotoqrafik proseslәrә ayrılır. Peşәkar fotoqrafların çoxu fotokağızda vә ya gümüş-halogenidli işığahәssas tәbәqәli fotoplyonkadakı ağ-qara vә rәngli janr, peyzaj vә portret şәkillәrinә üstünlük verirlәr. Fototәsvirlәrin iki – neqativ-pozitiv vә birbaşa pozitiv üsulları var. Birinci üsul fotoçәkiliş, materialların kimyәvi-fotoqrafik emalı vә fotoçapından, ikinci üsul yalnız fotoçәkiliş vә ekspozisiya edilmiş fotomaterialın emalından (çap edilmәdәn) ibarәtdir. Hәm hәrәkәtli, hәm dә tәrpәnmәz obyektlәrin tәsvirlәrinin qeydiyyatı vә canlandırılması üçün videoyazının kәşfi mühüm mәrhәlә oldu. Tәsvirlәrin videoyazılışını tәmin edәn vә sonradan onları displeyin ekranında canlandıran, yaxud kağızda çap edәn videokameraların, elektron fotoaparatların vә fotoprinterlәrin yaradılması elektron vә ya rәqәmli F.-nın meydana gәlmәsini şәrtlәndirdi.