FOTOQRÁFİYA MATERİALLARI – fotoqrafik tәsvirlәr almaq üçün istifadә edilәn işığahәssas materiallar, onların emalı üçün işlәdilәn reaktivlәr vә kömәkçi materiallar. İ ş ı ğ a h ә s s a s m a t e r i a l l a r әsasa (altlığa) yaxılmış nazik emulsiya tәbәqәsindәn, yaxud yüksәk enerjili yüklü hissәciklәrin qeydә alınması üçün әsassız tәbәqәlәrdәn (fotoqrafik nüvә emulsiyası) ibarәtdir. Kimyәvi tәrkibinә görә bu materiallar gümüşlü vә gümüşsüz, diazobirlәşmәli vә s. olur. Görünmәyәn (gizli) fotoqrafik tәsviri görünәnә çevirmәk üçün vә ya görünәn şәklin keyfiyyәtini yaxşılaşdırmaq mәqsәdilә f o t o r e a k t i v l ә r tәtbiq olunur (mәs., fotoqrafik aşkarlayıcı, sabitlәşdirici). Pozitivә lazımi keyfiyyәt vermәk üçün bir sıra qeyri-üzvi turşulardan vә onların duzlarından istifadә edilir. K ö m ә k ç i F.m.-na isә işığahәssas materialların saxlanılmasında işlәdilәn işıq vә rütubәti keçirmәyәn xüsusi kağızlar, kino lentinin bir-birinә vә ya fotoqrafiya kağızının müxtәlif materiallara yapışdırılması üçün tәtbiq olunan yapışqanlar, keramika vә metal üzәrindәki fotoqrafiyanı (pozitivi) qoruyan örtü lakları vә s. daxildir. F.m. kimi polimer örtüklәrdәn (fotoplyonkalarda vә kinoplyonkalarda), kağız, yaxud nazik kartondan (fotoqrafiya kağızlarında), şüşә lövhәdәn (fotolövhәlәrdә) istifadә edilir; bәzәn fototәbәqә metal, çini, plastik kütlә vә s.-nin sәthlәrinә çәkilir. F o t o q r a f i k l ö v h ә fotoqrafiya emulsiyası ilә örtülmüş şüşә lövhәdir; xarakteristikaları fotolent vә kinolentlәrinkinә uyğundur. F.m. işığahәssaslıq, tәzadlılıq, fotoqrafik genişlik, ayırdetmә qabiliyyәti, fotoqrafik tor vә s. xüsusiyyәtlәri ilә fәrqlәnir. Rәngli vә ağ-qara, neqativ, pozitiv vә çevrilәn növlәrә ayrılır. F o t o q r a f i y a k a ğ ı z ı elastik altlıqdan (әsasәn, kağız) vә onun üzәrinә çәkilmiş işığahәssas emulsiya tәbәqәsindәn ibarәtdir. Sәnaye istehsalı 1880 ilә aiddir. Rәngli vә ağ-qara fotoqrafiya kağızından hәvәskar, peşәkar, bәdii fotoqrafiyada, elm vә texnikanın müxtәlif sahәlәrindә fotoqrafik işlәrdә istifadә olunur. İşığahәssas tәbәqәnin kimyәvi tәrkibinә görә gümüş halogenli (gümüş-bromlu, gümüş-xlor-bromlu vә s.) vә qeyri-gümüş (işığahәssas element – Fe3+ duzları, diazonium duzları) fotoqrafiya kağızı var. Fotoqrafiya kağızı çap üsuluna (kontaktlı vә proyeksiyalı çap üçün), sәthinin mikrorelyefi (hamar vә strukturlu – naxışbasmalı, dәnәvәr, mәxmәr), sәthinin xarakterinә (xüsusi parıltılı, parıltılı, tutqun, yarımtutqun), 1 m2-in çәkisinә (nazik, yarımkarton, karton), әsasın rәnginә (ağ vә boyanmış), әsasın növünә (polimer örtüklü kağız, polimer örtüklü parça), formatına (vәrәq vә rulon) görә bir-birindәn fәrqlәnir. Rәngli fotoqrafiya kağızı çoxtәbәqәlidir; emulsiyalı tәbәqәlәrdә işığahәssas maddә ilә yanaşı rәngli komponentlәr dә olur. Rәqәmli fotoşәkillәrin şırnaqlı çapı üçün işığahәssas tәbәqәsi olmayan kağızdan istifadә edilir. F.m. fotoqrafiya, kinematoqrafiya, rentgenoqrafiya vә s.-dә tәtbiq edilir.