FOTOPERİODİZM (foto +... yun. περίοδος – dövri hәrәkәt, növbәlәşmә) – işıqlanmanın sutkalıq ritminә, sutkanın işıqlı (günün uzunluğu) vә qaranlıq (gecәnin uzunluğu) dövrlәrinin nisbәtinә orqanizmin reaksiyası; böyümә vә inkişaf proseslәrinin dәyişilmәsindә tәzahür edir. B i t k i l ә r d ә F.-in tәzahürlәrindәn biri çiçәklәmәnin fotoperiodik reaksiyasıdır. Günün çiçәklәmәni tezlәşdirәn uzunluğuna reaksiyadan asılı olaraq, bitkilәr uzungünlü (o cümlәdәn, batbat, çörәk taxılları), qısagünlü (mәs., tütün, düyü, darı, soya) vә neytral (qarabaşaq, noxud vә b.) olur. Fotoperiodu mәnimsәyәn (qәbul edәn) orqan yarpaqlardır. F. nәticәsindә fitohormonların yaranması baş verir, bu isә çiçәklәnmәyә, kök yumrularının, soğanaqların vә kökümsovların әmәlә gәlmәsinә, fizio- loji proseslәrә (mәs., dinclik dövrünә keçid, quraqlığa davamlılıq) tәsir edir. Seleksiyada F.-in istifadә olunması bitkilәrin böyümә vә inkişafının nizamlanmasına imkan yaradır. H e y v a n l a r d a F. cütlәşmә dövrünün başlanması vә bitmәsinә, mәhsuldarlığa, payız vә yaz tülәmәsinә, qış yuxusuna keçid vә bir çox digәr proseslәrә nәzarәt edir. O, genetik әsaslanmış vә bioloji ritmlәrlә әlaqәlidir. Fotoperiodik reaksiyaların formalaşmasında sinir vә hormonal mexanizmlәr iştirak edir. F. xüsusiyyәtlәrinin öyrәnilmәsi heyvanların yetişdirilmәsi zamanı onların say dinamikasını proqnozlaşdırmağa vә nizamlamağa, inkişafını idarә etmәyә imkan verir.