FOTORESEPSİYA (foto + ... resepsiya) – tәrkibindә işığahәssas piqmentlәr olan tәkhüceyrәli orqanizmlәr yaxud xüsusi törәmәlәr (fotoreseptorlar) tәrәfindәn işığın qәbulu. F. işığın informasiya mәnbәyi kimi iştirak etdiyi әsas fotobioloji hadisәlәrdәn biridir. İşıq enerjisinin kimyәvi işlәr üçün istifadә olunduğu fotosintezdәn fәrqli olaraq F.-da işıq molekulyar, membran vә hüceyrә proseslәrinin mürәkkәb zәncirini işә salaraq triqqer, informasiya funksiyasını daşıyır. Bu proseslәr bağlı saxlanan heyvan vә bitkilәrin işıq mәnbәyinә görә orientasiyasının (istiqamәtinin) dәyişilmәsi fototropizmin aid olduğu nisbәtәn sadә F.-in formalarını tәmin edir; işıqlanma sәviyyәsinin dәyişmәsinә cavab olaraq orqanizmin hәrәkәtliliyinin istiqamәtlәnmәmiş artımı, yaxud azalması fotokinezis adlanır. F.-nın mürәkkәb vә ali forması olan görmә müxtәlif dәrәcәdә tәkmillәşmiş xüsusi orqanlarla hәyata keçirilir.
Tәkamül vә müqayisәli-fizioloji aspektlәrdә F.-nın tәdqiqi böyük maraq kәsb edir. İbtidailәrdә primitiv (sadә) fotoreseptor sistemi göz lәkәsi vә qamçıdan (flagellum), yәni reseptor vә effektordan ibarәtdir. Xlamidomonadanın işığahәssas göz lәkәsi xloroplastla, evqlenada bilavasitә qamçı ilә әladәdardır. Əksәr onurğasız vә bәzi onurğalı (balıqların ayrı-ayrı növlәri, suda-quruda yaşayanlar) heyvanlarda diffuz işığa hәssaslıq (reseptorların iştirakı olmadan) xarakterikdir, bәzilәrindә isә o xüsusi hüceyrә orqanellaları olan xromatoforlarla tәmin edilir. İxtisaslaşmamış işığahәssas elementlәr bütün bәdәnә sәpәlәnә, yaxud onun sәthindә vә dәrindә cәmlәşә bilәr.
Görmә F.-sı fotoreseptorlarda baş verir. İbtidailәrin stiqmalarına (nәfәs dәliklәri) vә gözcüklәrinә, hәmçinin bağırsaqboşluqluların, yastı vә halqavarı qurdların, buğumayaqlıların gözcüklәrinә görmә or- qanlarının sadә formaları kimi baxmaq olar. Molyuskların fotoreseptor sistemlәrinin quruluşu vә funksiyası daha mürәkkәbdir (oktopodlar vә karakatisdә o, mәs., onurğalıların gözü ilә tam müqayisә oluna bilәr).
Buğumayaqlıların fasetlı (mürәkkәb) gözlәrindә vә onurğalıların kameralı gözündә yüksәkixtisaslaşmış fotoreseptorlar daha mükәmmәl görmә orqanı yaradır. Bütün heyvanlarda ilkin görmә proseslәri ümumidir vә görmә hüceyrәsinin işığahәssas fotoreseptor membranında yerinә yetirilir. Membranların tәrkibi vә molekulyar tәşkili onurğalı vә onurğasızlarda әsasәn, eynidir. Fәrqlilik, bir qayda olaraq müxtәlif fotoreseptorların işıq qәbul edәn hissәlәrindә membranların qablaşma üsullarına aiddir. Fotoreseptor membranın әsas işığahәssas elementi görmә piqmentidir (tipik vә yaxşı öyrәnilmiş nümayәndәsi rodopsin).