FOTOREZİSTOR (foto +... rezistor) – üzәrinә düşәn şüaların intensivliyindәn vә spektral tәrkibindәn asılı olaraq öz elektrik müqavimәtini dәyişәn yarımkeçirici cihaz. İş prinsipi daxili fotoeffektә әsaslanır. F.-un әsasını elektrik dövrәsinә qoşulan elektrodları olan yarımkeçirici material tәbәqәsi (altlıq üzәrindә vә ya altlıqsız) tәşkil edir. Tәyinatından asılı olaraq F. bir vә çoxelementli (mozaik), soyudulan vә soyudulmayan, açıq vә hermetiklәşdirilmiş, ayrıca mәmulat kimi hazırlanmış vә ya inteqral sxemin tәrkibindә olan F.-lara ayrılır. Xarici şüalanmaya seçiciliyi F.-un xarakterik xüsusiyyәtidir. Belә ki, PbS, PbSe, InSb, CdHgTe vә PbSnSe әsaında hazırlanan F. uz. 14 mkm-әdәk, legirlәnmiş Si vә Ge әsaslı isә uz. 40 mkm-әdәk İQ şüalara, CdS vә CdSe әsaslı F. görünәn, yaxın İQ, UB, rentgen vә qamma-şüalara daha hәssasdır. F. yüksәk xüsusi hәssaslığı, fotoelektrik xarakteristikalarının stabilliyi, kiçik әtalәtliliyi, konstruksiyasının sadәliyi vә s. xüsusiyyәtlәrinә görә optik elektronika cihazları vә qurğularında geniş tәtbiq edilir.