FOTOSİNTEZEDİCİ BAKTERİYALAR, f o t o t r o f b a k t e r i y a l a r – işığı (şüa enerjisini) hәyat fәaliyyәti üçün enerji kimi istifadә edәn bakteriyalar, mikroorqanizmlәr; fotosintez prosesindә karbon 4-oksidi vә digәr qeyri-üzvi, hәmçinin, üzvü birlәşmәlәri assimilyasiya edir. F.b.-a qırmızı vә yaşıl bakteriyalar vә hüceyrәnin quruluş tipinә görә onlara yaxın olan sianobakteriyalar (hәmçinin, göy-yaşıl yosunlar adlanır) aiddir.
Qırmızı vә yaşıl bakteriyalar (bax Kükurd bakteriyaları) tәrkibinә görә müxtәlif xlorofillәrdәn (mәs., bakterioxlorofil a, b, c, d, e) vә karotinoidlәrdәn ibarәtdir.
Ciddi, yaxud fakultativ anaeroblardır. Ali bitkilәr, yosunlar vә siano bakteriyalardan fәrqli olaraq, fotosintez zamanı oksigen ayrılmır, belә ki, CO2 fotoreduksiyası üçün hidrogenin donoru kimi (elektronlar) su deyil, hidrogen-sulfid, tiosulfat, kükürd, molekulyar hidrogen, yaxud üzvü birlәşmәlәr istifadә edilir. Bәzi qırmızı bakteriyalar hidrogen-sulfidi vә tiosulfatı oksidlәşdirәrәk hüceyrәdә kükürd toplayır vә sonra sulfatlara qәdәr oksidlәşdirir. Bu orqanizmlәrin CO2-dәn başqa üzvi birlәşmәlәri vә sirkә turşusunu (asetat), piroüzüm turşusunu (piruvat) vә b. fotoassimilyasiya etmәk qabiliyyәti vardır. Bәzi növlәr, әsasәn karbon 4-oksidin fotoassimilyasiyası hesabına böyüyür, yәni fotoavtotrofdurlar, digәrlәri üçün isә üzvi birlәşmәlәrin (fotoheterotroflar) olması mütlәq lazımdır. Bәzilәri şüa enerjisindәn başqa tәnәffüs, yaxud qıcqırma zamanı yaranan enerjini istifadә edә bilir vә qaranlıqda çoxalırlar. Bir çox növlәr molekulyar azotu fiksә edirlәr.
Sianobakteriyaların tәrkibindә fikobiliproteidlәrә aid olan xlorofil, karotinoidlәr vә piqmentlәr var. Fotosintez zamanı bunlar da bitkilәr kimi oksigeni buraxır, belә ki, hidrogenin donoru kimi sudan istifadә edirlәr. Əksәr növlәr yalnız işığın iştirakı ilә artırlar, yәni ciddi fitotrofdurlar. Bәzi növlәr üzvi birlәşmәlәri az miqdarda assimilyasiya edirlәr. Xeyli sayda növlәr molekulyar azotu fiksә edirlәr (toplayırlar).
Xlorofili olmayan Halobacterium cinsinin bakteriyaları fotosintezin xüsusi formasını hәyata keçirir. Bu halofil mikroorqanizmlәr, yәni natrium xlorid duzunun qatılığı yüksәk olan mühitlәrdә artan heterotroflardır. Adenozintrifosfat turşusunun (ATF) sintezindә işıq enerjisinin istifadәsi üçün heterotroflarda kompleks (bakteriorodopsin adlanan) zülalla birlәşmiş retinal karotinoid iştirak edir.