FOTOTRANZİSTOR (foto. + ... tranzistor) – kollektor cәrәyanı daxili fotoeffekt hadisәsinә әsasәn idarә olunan tranzistor (adәtәn, bipolyar). F. işıq siqnallarını elektrik siqnallarına çevirir vә eyni zamanda onları güclәndirir; germanium vә ya silisium yarımkeçirici monokristal (p–n–p- vә ya
n–p–n-tip) lövhәdәn ibarәtdir. Lövhәdә xüsusi texnoloji üsullarla emitter, baza vә kollektor adlanan 3 hәcm yaradılır. Tranzistordan fәrqli olaraq F.-da, adәtәn, kollektor çıxışı olmur. Kristal şәffaf giriş pәncәrәsi olan mühafizә gövdәsinin içәrisindә quraşdırılır. Baza (vә ya kollektor) üzәrinә işıq düşdükdә onda yükdaşıyıcı cütlәr (elektronlar vә deşiklәr) yaranır vә kollektor keçidinin elektrik sahәsi onları ayırır. Əsas yükdaşıyıcıların baza sahәsindә toplanması emitter keçidinin potensial çәpәrinin aşağı düşmәsinә vә bilavasitә işığın tәsiri nәticәsindә yaranmış yükdaşıyıcıların yaratdığı cәrәyana nisbәtәn F.-dan keçәn cәrәyanın artmasına sәbәb olur. F.-un әsas parametrlәri vә xarakteristikaları aşağıdakılardır: inteqral hәssaslığı (fotocәrәyanın düşәn işıq selinә nisbәti) 10 A/lm-әdәkdir; spektral xarakteristika (monoxromatik şüalanmaya hәssaslığın şüalanmanın dalğa un.-ndan asılılığı) – F.-un tәtbiq edilә bilәcәyi üçün dalğa sәrhәdini müәyyәnlәşdirir; zaman sabiti (F.-un әtalәtliyini xarakterizә edir) bir neçә yüz mksan-dәn azdır; fotocәrәyanı güclәndirmә әmsalı (100–1000). F. nәzarәt vә avtomatika sistemlәrindә işıqlandırma vericilәri kimi vә s. sahәlәrdә istifadә olunur, optronların tәrkibinә daxildir.