FRÁKİYA (yun. Θρᾴκη, Θρῄκη; lat. Thracia, Threcia) – 1) frakiyalıların mәskunlaşdıqları torpaqlar.
2) Balkan y-a-nın c.-ş.-indә Roma vә Bizans imperiyalarının inzibati vahidi. F. әyalәti, әsasәn, Roma imperiyasının nәzarәt etdiyi frakiyalıların Odris çarlığının yerindә, 45 ildә onun çarı III Remetalkın ölümündәn sonra yaradılmışdır. Adı ilk dәfә tәqr. 69 ildә qeyd edilir; inzibati mәrkәzi әvvәllәr Makedoniya әyalәtinә daxil olan Perinf ş. (Türkiyәnin indiki Mәrmәrә Ereğlisi ş.-nin әrazisi) idi. Prokurator, 2 әsrin әvvәllәrindәn isә leqat tәrәfindәn idarә olunurdu. Rәsmi dili yunan dili idi. İmperator mülkü olan Frakiya Xersonesi (Gelibolu y-a) әvvәllәr F.-ya daxil deyildi. 2 әsrin sonunda Marsianopol vә Nikopolis-ad-İstrum şәhәrlәri ilә birlikdә F.-nın şm. hissәsi Aşa- ğı Möziya әyalәtinin tәrkibinә daxil edildi. Onunla birlikdә F. әyalәti 3 әsrin sonunda vikari vә magister militum tәrәfindәn idarә olunan F. diosezi kimi yenidәn tәşkil edildi vә F. (paytaxtı Filippopol; indiki Plovdivin әrazisi), Rodopa (Trayanopol; indiki Aleksandrupolis әrazisi, Yunanıstan), Hemimont (Adrianopol; indiki Ədirnәnin әrazisi, Türkiyә), Avropa (Perinf, sonralar Herakleya adlandırılmışdır) әyalәtlәrinә bölündü. İri şәhәrlәri Serdika (indiki Sofiyanın әrazisi), Avqusta-Trayana (indiki Stara-Zaqora әrazisi), Pautaliya (indiki Küstәndil әrazisi), Anxial (indiki Pomoriye ş.-nin әrazisi, Bolqarıstan), Nikopolis-ad-Nestum (indiki Qotse-Delçev ş.-nin yaxınlığı, Bolqarıstan), Sozopol, Bizanti (burada Konstantinopolun әsası qoyulduqdan sonra F.-ya daxil deyildi) idi. Xalqların böyük köçü dövründә bir çox şәhәri vә torpaqları dağıntılara mәruz qaldı vә tәrk edildi. Tәqr. 680 ildә bolqar tәhlükәsi ilә әlaqәdar imperator IV Konstantin Poqonat Avropada ilk dәfә Bizanti–F. femasını yaratdı. Onun әrazisi keçmiş F. diosezinin böyük hissәsini әhatә etsә dә, Makedoniya femasının ayrılması vә Birinci Bolqar çarlığının istilaları nәticәsindә azaldı.
3) İndiki Bolqarıstanın c.-ş.-ni vә Türkiyәnin Avropa hissәsini әhatә edәn tarixi vilayәt.